Rusiya Fövqəladə Hallar Nazirliyinin yenilənmiş siyahısında “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində həlak olan 143 nəfərin adı var. Məlumatı “İnterfaks.ru” verib.
Agentlik 27 mart saat 20:00-a olan məlumatları təqdim edib. Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, siyahı Səhiyyə Nazirliyinin məlumatlarını əks etdirir və məhkəmə-tibbi ekspertizanın məlumatlarından asılı olaraq düzəlişlər edilə bilər.
Bu yenilənmədən əvvəl Fövqəladə Hallar Nazirliyinin siyahısına 120 nəfərin adı daxil edilmiş, şəxsiyyəti müəyyənləşdirdikcə əlavə edilmişdir.
Martın 27-də İstintaq Komitəsi konsert kompleksində itkin düşmüş şəxslərlə bağlı komitəyə 143 məlumat daxil olduğunu bildirib. Həmin vaxt İstintaq Komitəsi beşi uşaq olmaqla 84 meyitin tanıldığını açıqlayıb.
P.ƏMİRCANOV
XQ