Rusiyanın “Crocus International” şirkəti terror aktından sonra Moskva yaxınlığındakı “Crocus City Hall” konsert kompleksini bərpa etməyi planlaşdırır. Sahəsi 12,9 min kvadratmetrə çatan binada yanğın baş verib, konsert zalının üstündəki dam örtüyü uçub.
“Şirkətimiz 30 ildən artıqdır ki, fəaliyyət göstərir və böyük musiqiçi Müslüm Maqomayevin adını daşıyan "Crocus City Hall" konsert zalının divarları arasında 15 il ərzində minlərlə tədbir ən yüksək səviyyədə keçirilir. Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq” – “Crocus Group”un saytındakı məlumatda deyilir.
“Crocus İnternational” şirkəti həlak olanların ailələrinə başsağlığı verib və qurbanların sağalacağına ümid etdiyini bildirib. Bildirilir ki, şirkət “hakimiyyətə və xüsusi xidmət orqanlarına, həmçinin terror hücumu qurbanlarına kömək etmək üçün əlindən gələni edir.
Məkan sahibi “böhran şəraitində peşəkar, aydın və qəhrəmancasına hərəkət edən, bunun sayəsində qonaqların və əməkdaşların əksəriyyətini xilas etmək mümkün olan” konsert zalının kollektivinə təşəkkür edib. "Crocus International", həmçinin tamaşaçılara, tərəfdaşlara və sənətçilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Martın 22-də axşam saatlarında bir qrup silahlı şəxs Moskva yaxınlığındakı "Crocus City Hall" binasına hücum edib. Terror aktı nəticəsində azı 133 nəfər ölüb, 140 nəfər yaralanıb. Xilasetmə əməliyyatı başa çatıb, axtarışlar davam edir. Terror aktı ilə bağlı cinayət işi üzrə cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər və onların ortaqları - ümumilikdə 11 nəfər saxlanılıb.
XQ