Səudiyyə nəşri: Fransada əlcəzairlilərə işgəncə verən əsgərin heykəli qoyulur

post-img

Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində “Fransada əlcəzairlilərə işgəncə verməkdə məşhur olan əsgərin xatirəsinə ucaldılan mübahisəli heykəl” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə fransız tarixçilərin şənbə günü Fransanın şərqindəki Tul bələdiyyəsinin 1950-ci illərdə Əlcəzair və Hind-Çində işgəncələrdən istifadə etməkdə tanınan desant polkovniki Marsel Biqardın heykəlini ucaltmaq qərarına kəskin etiraz etdikləri qeyd olunub. Yazıda diqqətə çatdırılıb ki, bu addım Əlcəzair və Fransanın müstəmləkə keçmişinin ağrısını aradan qaldırmağa və normal münasibətlər qurmağa çalışdığı bir vaxta təsadüf edir.

Səudiyyə nəşrinin yazdığına görə, Fransanın histoirecoloniale.net saytına müsahibə verən tarixçilər Fabrice Riceputi və Alain Ruscio bildiriblər ki, Biqardın heykəlinin ucaldılması Fransanın müstəmləkə tarixi ilə fəxr etməsi deməkdir və bu addım əsla təqdir edilə bilməz. Həmçinin Fransanın "Histoire et Mémoire dans le Respect des Droits Hiumains" təşkilatı Tul bələdiyyəsindən tələb edib ki, Biqardın heykəlinin şəhər meydanında qoyulması layihəsindən imtina etsin.

Məqalədə qeyd olunur: “Əlcəzair xalqının cəlladı Marsel Biqardın xatirəsini yad edən lövhələrin nəhayət ictimai yerlərdən yığışdırıldığı bir vaxtda Tul bələdiyyəsinin onun heykəlini ucaltmaq qərarı heç də doğru addım deyil. Bələdiyyənin səylərinə etirazları dəstəkləmək üçün fransalı tarixçilər Fabrice Rissibotti və Alain Rossi 1957-ci ildə baş vermiş “Əlcəzair döyüşü” zamanı paraşütçü Biqardla bağlı Fransa arxivlərində yer alan işgəncə aktları siyahısında həbs edilmiş yüzlərlə əlcəzairlinin işgəncələrə məruz qaldığını və bu işgəncələrin birbaşa Hind-Çindən gələn desant polkovnikinin əmri ilə yerinə yetirildiyini müəyyən ediblər. Biqardın göstərişi ilə işgəncələrə məruz qalan “Əlcəzair döyüşü”nün ən məşhur liderləri arasında 23 fevral 1957-ci ildə həbs edilən qəhrəman şəhid Məhəmməd Larbi Ben Mehdi də olub. O, silahdaşlarını satmaqdan imtina etdiyi üçün müxtəlif işgəncələrə məruz qaldıqdan sonra asılıb. Ben Mehdinin öldürülməsinin 67-ci ildönümü ilə bağlı Fransadakı 20 təşkilat martın 4-də Yelisey sarayına məktub yazaraq, Əlcəzair inqilabı zamanı "Fransa dövlətindən işgəncəyə görə məsuliyyətini etiraf etməyi" tələb edib.

Məqalənin tam mətni ilə bu linkdən istifadə edərək tanış olmaq mümkündür. 

Dünya