Rusiyada prezident seçkiləri: seçmək haqqı xalqındırsa...

post-img

Rusiyada 15-17 martda keçirilən prezident seçkilərinin bu gün son günüdür. Növbəti 6 il üçün dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır: Liberal Demokrat Partiyasından (LDPR) Leonid Sluçski, Kommunist Partiyasından Nikolay Xaritonov, “Yeni adamlar” partiyasından Vladislav Davankov və hazırki prezident, müstəqil namizəd Vladimir Putin.

Rusiyanın rəsmi informasiya agentlik­lərinin verdiyi məlumata görə, ölkədə 90 mindən çox seçki məntəqəsi təşkil olu­nub. Onlar martın 15-dən 17-nə qədər yerli vaxtla səhər saat 8:00-dan axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək­lər. 

Rusiya Federasiyası bir neçə saat qurşağına bölündüyü üçün bu ərazilər­də səsvermə də müxtəlif vaxtlara təsa­düf edir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə, Rusiya Federasiyasında 112,3 milyondan çox seçici var və onlardan 1,8 milyonu xarici ölkələrdə yaşayır. Seçicilərin 2 milyon­dan çoxu elektron səsvermə vasitəsilə artıq öz qərarlarını bildiriblər. Son məlu­matlarda isə 27 milyondan çox seçicinin ilk seçki günündə səsvermədə iştirak et­diyi deyilib. 

Rusiyanın əksər federal siyasətçiləri kampaniyanın elə ilk günü – martın 15-də öz seçimlərini etməyə qərar veriblər. Dövlət başçısı və bu seçkilərin favoriti Vladimir Putin ilk səs verənlərdəndir və o, bu hüququnu onlayn həyata keçirib. Seçki məntəqələrinə gələn rəsmilər ara­sında Federasiya Şurasının sədri Va­lentina Matvienko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medve­dev, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiy­yat Xidmətinin direktoru Sergey Narışkin, həmçinin federal nazirlər və regional rəh­bərlər də olub. 

Seçki günlərində səsvermənin qay­dalar çərçivəsində keçməsini müşahidə­çilər təmin edirlər. 333,6 min nəfərə yaxın insan, o cümlədən 106 ölkədən 700-dən çox mütəxəssis səsvermə prosesini izlə­yir. MSK sədri Ella Pamfilova bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qeyri-şəffaf və qeyri-de­mokratik xarakter daşıdığı üçün müşahi­dəçi qismində prezident seçkilərinə dəvət edilməyib. Avropa Parlamenti, eləcə də Avropa Şurası Parlament Assambleyası­nın nümayəndələri Rusiyada keçiriləcək prezident seçkilərində səsverməni müşa­hidə etməyəcəklər.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri isə ilk seçki günü Moskvada üç seçki məntəqəsində olub­lar. Həmçinin KTMT Parlament Assamb­leyasının missiyası bu günlərdə Rusiya­da seçkiləri müşahidə edir.

Seçki Komissiyasından mətbuata bildirilib ki, MSK-da MDB PA və KTMT PA-dan əlavə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Taci­kistan, Türkmənistan, Özbəkistan, Bela­rus və Rusiya İttifaqı Parlament Assamb­leyasını təmsil edən 194 müşahidəçi akkreditə olunub. Bundan əlavə, İctimai Palata öz təşəbbüsü ilə səsvermə pro­sesini izləyən ekspertləri də dəvət edib. Onların arasında Qərb ölkələrindən olan mütəxəssislər, məsələn, Bavariya əyalət parlamentinin üzvləri Andreas Jurka, Ele­na Roon və Ulrix Singer də var.

Seçkinin ilk gününün yekunu haqqın­da verilən rəsmi məlumatlarda qeyd edi­lir ki, seçicilərin 36 faizi - 27 milyon nəfər artıq seçkilərdə iştirak edib və seçimini edib. 

Bütövlükdə, seçkiləri uğurlu hesab edirlər. Lakin seçkinin yüksək fəallıq şəraitində keçməsinə baxmayaraq, təx­ribatlar da az olmayıb. Dünya mətbuatı hay-küy salmamış, Rusiya rəsmiləri öz­ləri bu haqda geniş məlumat verirlər. Bir neçə məntəqədə seçki qutularına yaşıl boya tökərək bülletenləri korlayıblar, bir seçki məntəqəsində isə səsvermə ka­binəsi yandırılıb. Lakin MSK bildirib ki, bütün bunlar nəticəyə azacıq belə təsir göstərə bilməz. 

Rusiya Federasiyası İctimai Palata­sının İctimai Nəzarət və Vətəndaşların Müraciətləri ilə İş Komissiyasının rəhbəri Alyona Bulqakova jurnalistlərə bildirib ki, qanun pozucuları saxlanılıb və qeyd olunan ərazilər artıq adi rejimdə işləyir. Bununla belə, MSK yenə də seçki qu­tularının təhlükəsizliyini və mühafizəsini gücləndirməyə çağırıb. Komissiya polisin və Milli Qvardiyanın əməkdaşlarından kömək istəmək niyyətindədir.

Bütün bunlara baxmayaraq, Rusiya­da keçirilən hazırki prezident seçkilərin­də kimin qalib gələcəyi məsələsi də ge­niş müzakirə mövzusudur. Təbii ki, Qərb mətbuatı və siyasi elitası öz ənənəsinə sadiq şəkildə bildirir ki, “bu seçkilərin nə­ticələrinə görə, Vladimir Putinin beşinci dəfə prezident olacağı şübhəsizdir”. BBC bunun, “müstəqil namizədlərin seçkilərdə iştirakına icazə verilməməsilə” əlaqələn­dirib. 

“Gözəçarpan kampaniya aparan ye­ganə bir şəxs vardı, o da Vladimir Putin idi. Bu, onun beşinci seçkisi olacaq. Fev­ral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzdi, hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşdü. Əslində, bütün bu hadisələr seçkiqabağı kampani­ya idi, baxmayaraq ki, orada nə “seçkilər” sözü işlədilirdi, nə də seçki məntəqələ­rinə gəlmək çağırışları”, – deyə BBC bil­dirib. 

Avropa Şurasının prezidenti Mişel X sosial şəbəkəsində istehzalı formada yazıb: "Mən Vladimir Putini bu gün baş­layacaq seçkilərdəki qələbəsi münasibə­tilə təbrik etmək istəyirəm. Müxalifət yox. Azadlıq yox. Seçim yox". 

Aİ-nin xarici siyasət idarəsinin rəh­bəri Borelin mətbuat katibi isə bildirib ki, “müasir Rusiyada azad, ədalətli və demokratik səsverməni təsəvvür etmək çətindir”. NATO-nun baş katibi Yens Stol­tenberq daha sərt danışıb: “Rusiyada seçkilər azad və ədalətli olmayacaq. Biz bilirik ki, müxalifət siyasətçiləri həbsdədir, digərləri öldürülüb, bir çoxları sürgün edi­lib”.

Almaniyada da Putinin prezident se­çilməsinə şübhə edən yoxdur. Lakin buna yanaşma və münasibət fərqlidir. Məsələn, Bundestaqdakı Sosial Demokratlar frak­siyasının eksperti Nils Şmid deyir: “Vla­dimir Putin Rusiyanın növbəti prezidenti olacaq. Kim bəyənsə də, bəyənmsə də, kimlər istəsələr də, istəməsələr də, belə olacaq”. Bununla belə o, Putinin legitim prezident kimi tanınmaması tələbini an­layır, amma onun praktikada həyata ke­çirilməsinə şübhə ilə yanaşır: “Təəssüf ki, dünyada təkcə demokratik ölkələr de­yil, həm də çoxlu avtoritar dövlətlər var. Belə ölkələrlə düzgün ünsiyyət qurmağın yolunu tapmaq üçün çox incə duyum la­zımdır. Nə qədər ki, Putin Kremldədir, biz onunla hesablaşmalı olacağıq”.

Rusiyada prezident seçkiləri kampa­niyasını dəyərləndirərkən Bundestaqda­kı mühafizəkar müxalifətçilər də hakim partiyaların nümayəndələrinin mövqeyni bölüşürlər. XDİ/XSS fraksiyasının xarici siyasət eksperti Yurgen Hardt “DW”-ə müsahibəsində deyib: "Prezident seçkilə­ri" ifadəsinin özünü yanlış hesab edirəm. Söhbət Belarusda gördüyümüz kimi sax­ta, mərhələli seçkilərdən gedir. Əgər Ru­siya vətəndaşı olsaydım, İranda rejimlə razılaşmayan bir çoxlarının etdiyi kimi, mən də seçkilərdə iştirak etməzdim”.

Amma Bundestaqdakı və ümumiy­yətlə, Almaniyadakı siyasi elita heç də bu mövqeyi dəstəkləmir. Məsələn, “DW” yazır ki, “Almaniya üçün Alternativ” partiyası fraksiyasının nümayəndələri Bundestaqda Rusiya rəhbərliyinə yaxın mövqedən çıxış edirlər. Məhz bu partiya­nın liderlərini Rusiya hakimiyyəti tez-tez seçkilərə, guya müstəqil “müşahidəçilər” kimi cəlb edirdi. Builki prezident seçki kampaniyası da istisna deyil. Almaniya mətbuatının yazdığına görə, bu partiya­nın Bavariya parlamentindən üç deputatı Rusiyaya gedib”.

Partiyanın Bundestaqdakı fraksiya­sının xarici siyasət üzrə eksperti Mattias Mosdorf “DW”-in suallarını cavablandı­rarkən deyib ki, o da Putinin “seçicilərin əhəmiyyətli əksəriyyəti” tərəfindən yeni­dən seçiləcəyini gözləyir. Mosdorf Qərbin Ukraynaya müdaxiləsinə görə, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bunun sə­bəblərindən biri hesab edir: “Sanksiyala­rın köməyi ilə ölkənin siyasətinə görə mə­suliyyəti bütün Rusiya xalqının üzərinə yükləmək cəhdi, yalnız onların həmrəylik istəyini gücləndirdi ”.

Bundestaqın üzvü Sevim Dağdələn də Putinin legitimliyinin tanınmaması təklifini eynilə Masdorfun mövqeyindən şərh edib: "Bu, Venesuelada Xuan Quay­donun müvəqqəti olaraq prezident kimi tanınması ilə üzləşdiyimiz ssenariyə bən­zər fəlakətli ssenari olardı...Yalnız bizim ideyalarımıza uyğun gələn ölkələrlə dip­lomatik münasibətlər saxlamaq absurd və məsuliyyətsizlik olardı”. 

Bütün bunlar öz yerində. Bəs Puti­nin qalib gəlmək şansı Rusiyanın özündə necə qiymətləndirilir? Rusiya Federasi­yası Təhlükəsizlik Şurasının sədr müa­vini Dmitri Medvedev hələ bir ay əvvəl müsahibələrinin birində demişdi: “Düşü­nürəm ki, Vladimir Vladimiroviçin (Puti­nin) bu seçkilərdə qalib gələcəyinə və ən yüksək nəticə göstərəcəyinə heç bir şübhə ola bilməz”. 

Əslində, Medvedev bəlli olan və gözlənilən bir nəticəni açıqlayırdı. Çün­ki ölkədə keçirilən bir çox rəy sorğuları və real siyasi vəziyyət də bunu deyirdi. Məsələn, ötən həftə Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun sifarişi ilə hazır­lanan Ümumrusiya İctimai Rəyin Öyrənil­məsi Mərkəzinin seçki hesablamasında Vladimir Putinin prezident seçkilərində 82 faiz səs toplayacağı, gözlənilən fəal­lığın 71 faiz təşkil edəcəyi açıqlanmışdı. 

Bütün bunlardan aydın olur ki, Rusi­yada artıq səsvermə mərhələsində olan 2024-cü il prezident seçkilərində Vladimir Putin əsas favorit olaraq qalır. Bu, təsa­düfü deyil. Etiraf etmək lazımdır ki, Ru­siyanın hazırki prezidenti ölkəsinin sima­sını kökündən dəyişən, dünya siyasətinə güclü nüfuz edən və Rusiyanın dünya siyasətindəki liderliyini bərpa etmək üçün bütün imkanlardan ustalıqla istifadə edən bir şəxsdir. 

Vladimir Putinin 2024-cü ildə keçirilə­cək prezident seçkilərində iştirak etmək qərarı bəlli olarkən onu şərh edən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volo­din bunun əhəmiyyətini çox yığcam şə­kildə özünün “Teleqram” kanalında belə ifadə etmişdi: “Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iş­tirak etmək qərarı təkcə bizim ölkə vətən­daşları üçün deyil, bütün dünya üçün çox mühüm qərardır. Vladimir Vladimiroviç Putin uzun zaman ərzində öz effektivliyini sübut edib. Ölkəmiz müxtəlif mərhələlər­də çeşidli çağırışlarla üzləşdi, lakin məhz onun sayəsində bu çətinliklərdən uğurla çıxdı.

Bundan əlavə, Vladimir Vladimiroviç insanlıq, ədəb-ərkan, xeyirxahlıq kimi unikal keyfiyyətlərə sahibdir, eyni za­manda, əlbəttə ki, heyrətamiz işləmək qabiliyyətinə malikdir. Onun bugünkü qə­rarı ölkəsinə məhəbbətindən, onu güclü, firavan etmək, çağırışların və təhdidlərin mövcud çətin vaxtında Rusiyanı qoru­maq istəyindən xəbər verir”, – deyə Döv­lət Dumasının sədri vurğulamış və sonda yazmışdı: “Putinin seçkilərdəki qələbəsi bizim ölkə vətəndaşlarının, Rusiyanın qələbəsidir”. 

V.Volodinin bu sözlərinə nəyisə əlavə etmək bizim tərəfimizdən doğru olmazdı. Kim nə deyirsə-desin, bu gün dövlət baş­çısı seçmək hüququ Rusiya vətəndaşla­rına məxsusdur və hər halda onlar indi kimə səs verdiklərini və kimi prezident görmək istədiklərini hamıdan yaxşı bilir­lər. 

İlqar RÜSTƏMOV
XQ

Dünya