Olaf Şolts Qəzzada atəşkəsə çağırıb

post-img

Almaniya kansleri Olaf Şolts bir çox müsəlman ölkəsində Ramazan ayının başlaması ilə əlaqədar Qəzzada atəşkəsə çağırıb.

XQ xəbər verir ki, Olaf Şolts bu münasibətlə “X” sosial media platformasında alman, türk və ərəb dillərində videomüraciət yayımlayıb.

İsraillilərin və fələstinlilərin əksəriyyətinin sülh istədiyindən əmin olduğunu ifadə edən kansler “Bu istiqamətdə atılacaq addımlardan biri Ramazan ayında daha uzun müddətli atəşkəs olacaq. Belə bir atəşkəs daha çox humanitar yardımın çatdırılmasını təmin edəcək. ABŞ prezidenti (Co Bayden), mən və digər bir çox insan bunun üçün bütün gücümüzlə cəhd göstəririk", -  deyib.

Ramazan ayının həm də müharibə və zorakılığa məruz qalanların düşünüldüyü bir dövr olduğuna diqqət çəkən Şolts bu günlərdə xüsusilə Orta Şərqdə müsəlmanların hiss və düşüncələrinin qadın, kişi və uşaqlarla olduğunu vurğulayıb.

Orta Şərqdə bir çox insanın narahat olduğu dostları və ailəsi olduğuna diqqət çəkən Şolts bildirib: “Kədərinizdə tək deyilsiniz. Almaniyada da bir çox insan öldürülən və qaçırılan israillilərin, Qəzzada günahsız yerə öldürülənlərin, yaralıların və əziyyət çəkənlərin taleyindən dərindən narahatdır və kədərlərini bölüşür. Bu kədərləri mən də bölüşürəm”.   

Almaniya kansleri ayrıca vurğulayıb ki, İsrail beynəlxalq hüquq qaydalarına əməl etməli və mülki şəxslərə zərər verməməlidir.

Anar ƏLİ

XQ

Dünya