“Erməni xalqının başına gələcək faciələr Qərbi qətiyyən maraqlandırmır”

post-img

Britaniya müdafiə katibinin müavini Ceyms Heappi bildirib ki, Böyük Britaniya Ermənistanın KTMT üzvlüyünü dondurmaq qərarını bu ölkənin suveren hüququ kimi qəbul edib və Rusiyanın cavab təhdidləri olacağı təqdirdə Avro-Atlantik müttəfiqləri ilə birlikdə İrəvana dəstək göstərəcək.

Erməni politoloq Suren Surenyants Facebook səhifəsində məsələyə münasibət bildirərək qeyd edib ki, Qərb tərəfdaşları son dərəcə dürüstdürlər. Azərbaycandan təhdid olarsa, bizə kömək etmək fikrində deyillər, amma bizi ruslardan “qoruyurlar”, Ankaraya gedən yolda “ümid qapısını” göstərirlər.

“Bizə açıq şəkildə ikinci Ukrayna olmağı təklif edirlər və bu halda Qərbi prosesin nəticəsi deyil, prosesin özü maraqlandırır ki, bu da Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxara bilər. Əgər kimsə düşünürsə ki, indi Qərbin gurultulu vədləri başqa effekt verəcək, deməli, aldadırlar.

Qərb mərkəzlərinin məqsədi regionda Rusiya və İranın təsirini zəiflətməkdir. Bunun nəticəsində erməni xalqının və ya Ermənistanın başına gələcək faciələr onları qətiyyən maraqlandırmır. Qərbin Türkiyə və Azərbaycana qarşı bizi dəstəkləməkdə, sadəcə olaraq, heç bir siyasi marağı yoxdur”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya