Çin hesab edir ki, Ukrayna böhranı danışıqlar yolu ilə siyasi vasitələrlə həll edilməlidir və problemin nizamlanması üçün beynəlxalq konfrans çağırılmalıdır. Bu barədə Çinin xarici işlər naziri Van İ Pekində keçirdiyi mətbuat konfransında bildirib. Xəbəri “İnterfaks.ru” verib.
O deyib ki, danışıqlar “Çinin Ukrayna böhranının siyasi həllini irəli sürməsi üçün fundamental əsasdır. Çin Rusiya və Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı və bütün sülh təkliflərinin ədalətli müzakirəsi ilə vaxtında beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləyir”.
Van İ qeyd edib ki, “sülh danışıqları başlamazsa, anlaşılmazlıqlar və yanlış mühakimələr yığılıb üst-üstə düşəcək və daha böyük böhrana gətirib çıxaracaq”.
Onun sözlərinə görə, problemlər “bütün tərəflərin əsaslı narahatlığı nəzərə alınmaqla həll edilməlidir, o zaman Avropa, həqiqətən, balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik sistemi yarada biləcək”.
P.ƏMİRCANOV
XQ