Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tatarıstanın paytaxtı Kazan şəhərinə işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə “Anadolu” məlumat verib.
Bildirilir ki, iki ölkə lideri ötən il oktyabrın 5-7-də Moskvada ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrasını müzakirə ediblər. Prezidentlər Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl olaraq möhkəmləndiyini qeyd ediblər. Vurğulanıb ki, Özbəkistan və Rusiya arasında ticarət dövriyyəsində müsbət dinamika davam edir.
Liderlər regionlar arasında əməkdaşlıq əlaqələrinin stimullaşdırılmasına xüsusi diqqət yetiriblər. Dövlət başçıları səmərəli nəqliyyat dəhlizlərinin birgə inkişafı və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər. Həmçinin, regional gündəliyə dair fikir mübadiləsi aparılıb, qarşıdan gələn beynəlxalq tədbirlərin qrafikinə baxılıb.
Rizvan FİKRƏTOĞLU
XQ