Lavrov: ABŞ xalqının güvəndiyi istənilən liderlə işləməyə hazırıq

post-img

Rusiya Federasiyası ABŞ-ın anti-Rusiya kursunun yaxın gələcəkdə dəyişəcəyini gözləmir. Bunu Braziliyanın “Globo” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ seçkilərlə bağlı deyib. Xəbəri “Anadolu” verib. 

“Biz Amerika xalqının güvəndiyi istənilən liderlə işləməyə hazırıq. Bizim üçün önəmli olan siyasətçinin fiquru deyil, onun Rusiya ilə bağlı hansı siyasəti yürütməsidir”, - deyə nazir bildirib.

“Rusiyaya ABŞ-ın hakim elitası, partiya mənsubiyyətindən asılı olmayaraq, rəqib və təhdid kimi baxır. Keçmiş prezident Ağ Evdə işlədiyi 4 il ərzində Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması üçün heç bir iş görməyib”, - departament rəhbəri əlavə edib.

Bundan əlavə, Lavrov yaxın gələcəkdə Rusiya Federasiyası ilə Avropa İttifaqı ölkələri arasında münasibətlərin normallaşmasının mümkünlüyünə şübhə etdiyini bildirib: “Aİ ölkələri Rusiya ilə düşmənçilik ediblər. Bu seçimlə nə edəcəyinə qərar vermək onların ixtiyarındadır. Brüsselin bizə “strateji məğlubiyyət” vermək niyyətini nəzərə alsaq, münasibətlərin bərpası perspektivlərindən danışmağa ehtiyac yoxdur”.

Ukraynadakı münaqişənin həlli mövzusuna toxunan Lavrov deyib ki, nə Kiyev, nə də Qərb sülh istəmir: “Nə Kiyev, nə də Qərb münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirmir. Bizim başqa seçimimiz yoxdur, xüsusi hərbi əməliyyat məqsədinə çatana qədər davam edəcək”.

 

P.ƏMİRCANOV

XQ

Dünya