İdmançılarımızın hər bir uğuru dövlətimizin uğurudur. Nailiyyətlərimizin əsasında dövlətimizin idmana göstərdiyi diqqət və qayğı durur.
“XQ” xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəylinin çıxışı barədə danışarkən jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi qeyd edib ki, Dadaş Dadaşbəylinin Avropa çempionatındakı uğuru hamını, o cümlədən federasiya rəhbərliyini sevindirir. O, xatırladıb ki, sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Babayev tarixi nəticə qazanmışdı. Ancaq bu nəticə ilə kifayətlənmək olmaz. Federasiya rəhbərliyi olaraq hədəflərimiz böyükdür.
Firdovsi Umudov bundan sonra nəticələrin daha da uğurlu olacağına inandığını bildirib:
–Böyük hədəflərə doğru addımlayırıq. Gələcəkdə daha böyük nailiyyətlər üçün ciddi səy göstərəcəyik.