Məşhur fransız jurnalisti sovet casusu olub

post-img

Həftəlik “L'Express” qəzetinin keçmiş baş redaktoru və naşiri, məşhur fransız jurnalisti Filip Qrumbaxın (1924-2003) sovet kəşfiyyatı ilə 35 il əməkdaşlıq etdiyini üzə çıxaran araşdırma məqaləsi dərc olunub.

Filip Qrumbaxın gizli həyatından bəhs edən faktlar bu yaxınlarda Mitroxin arxivi­nin sənədləri arasından tapılıb. Vasili Mit­roxin keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Birinci Baş İdarəsinin arxiv şöbəsinin əməkdaşı olub və sovet kəşfiy­yatının gizli sənədlərinin bir çox nüsxəsini də məhz o, Qərbə ötürüb. Kembricdəki (Böyük Britaniya) Çörçill Kollecində saxla­nılan bu arxiv üzrə araşdırmalar 1990-cı illərdə başlamış və tədricən ictimaiyyətə açıqlanmış, sovet kəşfiyyatının Avropa ölkələrində, xüsusən də Fransada fəaliy­yətinin kifayət qədər dolğun mənzərəsini yaratmağa kömək edir. Filip Qrumbaxın adı sənədlərdə həm öz adı ilə, həm də Brok əməliyyat təxəllüsü ilə qeyd olunub.

O, 1946-cı ildə kəşfiyyat tərəfindən ələ alınıb və o vaxtdan jurnalist kimi fəaliyyə­tindən və siyasi dairələrdə sıx əlaqələrdən maksimum yararlanaraq, nəinki məlumat toplayıb SSRİ-yə ötürüb, həm də lazımi insanlar vasitəsilə Fransa siyasətinə təsir göstərməyə çalışıb. İşğal zamanı “Ame­rikanın səsi” radiosunda işləyən parisli Fransa azad edildikdən sonra AFP, “Li­beration”, “L'Express” və “Le Figaro” kimi mətbuat orqanlarında parlaq jurnalist kar­yerası qurub. O, həmçinin özünün həftəlik nəşri olan Pariskopu (1965) yaradıb. Çox­saylı komissiyalarda və dövlət şuralarında fəaliyyət göstərib. Film prodüseri olub, xüsusən də 1982-ci ildə Klod Şabrolun “Papaqçının xəyalları” filmini yayımlayıb, – serial əsil simasını gizlədən qatildən bəhs edirdi. Eyni ikili həyatı Filip Qrum­baxın özü də yaşayırdı. 

Çox sevilən və hörmət edilən, “jurna­listikanın aristokratı” adlandırılan F.Qrum­bax iki prezidentin – Valeri Jiskar d'Esten və Fransua Mitteranın qeyri-rəsmi etibarlı nümayəndəsi və müşaviri olub.

Filip Qrumbax ömrünün sonuna qə­dər bütün şübhələrdən kənarda qalma­ğı bacarıb. O, 79 yaşında Parisdə vəfat edib. Həmin dövrdə mədəniyyət naziri olmuş Jan-Jak Ayaqon vida nitqində “Fransız jurnalistikasının ən görkəmli və ən hörmətli simalarından biri” deyə ona təriflər yağdırıb. İndi isə onun bioqrafiyası yenidən yazmağa başlayıblar. Məsələn, “L'Express”in hazırkı baş redaktoru Et­yen Girard redaksiya məqaləsində keç­miş həmkarını “V Respublikada əsas so­vet casuslarından biri” adlandırıb.

S.ELAY
XQ

Dünya