NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, alyans hələ uzun müddət Rusiyaya müqavimət göstərəcək. O, Avropa ölkələrini silah istehsalını artırmağa çağırıb. Məlumatı “Anadolu” verib.
Almaniyanın “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada Ukrayna müharibəsinə toxunaraq, o, Avropa iqtisadiyyatının daha çox silah və sursat istehsalına diqqət yetirməli olduğunu bildirib.
“Biz tez bir zamanda sənaye bazamızı təkmilləşdirməli və genişləndirməliyik ki, Ukraynaya tədarükləri artıra və öz ehtiyatlarımızı doldura bilək”, - deyə Stoltenberq qeyd edib: – Bu, sülh dövründə yavaş istehsaldan münaqişə zamanı tələb olunan sürətli istehsala keçmək deməkdir.
Baş katib əlavə edib ki, azad bazar ölkələrində silah istehsal edən şirkətlər istehsalı artırmaq üçün imzalanmış müqavilələrə ehtiyac duyurlar: “Avropa sənayesinin bu cür müqavilələrə daha çox ehtiyacı var və onlar daha tez imzalanmalıdır”.
Qərb ölkələrinin həm istehsal, həm də investisiya baxımından Rusiyanı ötmək imkanlarına malik olduğunu vurğulayan Stoltenberq vurğulayıb: “Qərbin iqtisadi və sənaye gücü Rusiyanı üstələyir”.
P.ƏMİRCANOV
XQ