ABŞ Ukraynaya 60 milyard dollardan artıq yardım ayırır

post-img

ABŞ administrasiyası, eləcə də Respublika və Demokrat partiyalarından olan senatorlar arasında uzun danışıqlardan sonra Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər paketinə 60,06 milyard dollar ayrıldığı elan edilib. Məlumatı “İnterfaks.ru” verib. 

Bu məbləğin 19,85 milyard dolları Pentaqonun anbarlarından Ukraynaya verilən silah və hərbi texnika ehtiyatlarının artırılmasına, 13,8 milyard dollar Ukraynanın ABŞ-dan silah və sursat almasına, 14,8 milyard dollar hərbi təlim, kəşfiyyat məlumatlarının mübadiləsi və digər dəstək fəaliyyətləri vasitəsilə ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsinə yönəldiləcək.

Sənəddə həm də ABŞ-ın yardımına nəzarətin davam etdirilməsi üçün 8 milyon dollar nəzərdə tutulub.

370 səhifəlik qanun layihəsi aylarla davam edən danışıqlardan sonra razılaşdırılıb. Ümumilikdə isə, sərhəd təhlükəsizliyi, İsrail və Ukraynaya yardım və digər xarici siyasət prioritetləri də daxil olmaqla əlavə məbləğ 118 milyard dollar təşkil edir ki, bunun da təxminən 20 milyard dolları sərhəd komponenti üçün nəzərdə tutulub.

P.ƏMİRCANOV

XQ

Dünya