CNN: Yəməndə zərbələr hava limanlarına və husi düşərgələrinə yönəlib

post-img

CNN husi rəsmilərinə istinadən xəbər verir ki, ABŞ və müttəfiqlərinin Yəməndə həyata keçirdiyi hava hücumlarının əsas hədəflərindən biri hava limanları olub.

Belə ki, Yəmənin qərbindəki Hudeyda Beynəlxalq Hava Limanı, Taiz Beynəlxalq Hava Limanı və ətraf rayonlar, həmçinin Yəmənin cənub-qərbindəki ərazilər və Yəmənin şimal-qərbindəki Abs şəhərinə xidmət edən hava limanı hücuma məruz qalıb.

Telekanal qeyd edir ki, Yəmənin paytaxtı Sənanın şimalındakı əl-Dailami aviabazası və Yəmənin şimalındakı Saada əyalətindəki huti düşərgəsi də vurulub.

ABŞ hökumətinin yüksək rütbəli rəsmisi brifinqdə deyib ki, administrasiya Yaxın Şərqdə gərginliyi artırmağa çalışmır. Yəməndəki zərbələrin məqsədi “husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumlarını davam etdirmək qabiliyyətini zəiflətmək” olub.

Eyni zamanda, husilərin nümayəndəsi Hüseyn əl-Ezzi sosial şəbəkələrdə yazıb ki, “ölkə Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və hərbi təyyarələri tərəfindən həyata keçirilən kütləvi aqressiv hücuma məruz qalıb”.

Yəmənə hücumla bağlı Ağ ev dünən axşam prezident Co Baydenin bəyanatını açıqlayıb: “Bu zərbələr husilərin Qırmızı dənizdə gəmiçiliyə misli görünməmiş hücumlarına, o cümlədən ilk dəfə gəmi əleyhinə ballistik raketlərdən istifadəyə birbaşa cavabdır. Bu hücumlar Amerika qoşunlarını, mülki dənizçiləri və tərəfdaşlarımızı təhlükə altında qoyub, ticarət və naviqasiya azadlığını təhdid edib”. Bəyanatda daha sonra bildirilir ki, beynəlxalq ticarət gəmilərinə edilən 27 hücumda 50-dən çox ölkə zərər çəkib: "20-dən çox ölkədən olan ekipajlar təhdid edilib və ya girov götürülüb. 2000-dən çox gəmi, malların çatdırılmasında həftələrlə gecikmələrə səbəb ola biləcək məsafəni dəyişdirmək məcburiyyətində qalıb. Yanvarın 9-da husilər birbaşa Amerika gəmilərinə yönəlmiş ən böyük hücumunu həyata keçiriblər”. 

ABŞ prezidenti bildirib ki, beynəlxalq ictimaiyyətin bu ehtiyatsız hücumlara cavabı vahid və qətidir.

S.ELAY

XQ

Dünya