Finlandiya qaçqınların evlərinə dönməsini himayə edir

post-img

Finlandiya Daxili İşlər Nazirliyi miqrantların öz vətənlərinə könüllü qayıtmasının asanlaşdırılması ilə bağlı yeni əsasnamə qəbul edib. Sığınacaq istəməyənlərə 30 gün ərzində könüllü olaraq evlərinə qayıtdıqları təqdirdə 5 min 300 avro ödə­niləcək.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, ödənişi almaq üçün miq­rantlar 30 gün ərzində ərizə verməlidirlər. Ərizə daha gec təqdim olunarsa, ödə­niş 2000 avro olacaq. Yeni tənzimləmə 2024-cü il yanvarın 1-dən qüvvəyə minə­cək.

Daxili İşlər Nazirliyindən bildirilib ki, bu qərar sayəsində Vətənə könüllü qa­yıtmaq üçün yardım sistemi sadələş­diriləcək. Sənədin əvvəlki variantında ödənişlərin məbləği miqrantın mənşə ölkəsindən asılı idi, ümumilikdə, dörd qrup ölkə var idisə, indi ödənişlərin məb­ləği hamı üçün eyni olacaq. 

Bununla belə, məlumat verilir ki, Av­ropa İttifaqının və ya Şengen sazişinin digər ölkəsinə, eləcə də vətəndaşlarının Finlandiyaya vizaya ehtiyacı olmayan ölkəyə köçdükdə ödəniş təmin edilməyə­cək. Bildirilir ki, vətənə qayıtdıqdan son­ra könüllü yardım nəqliyyat xərcləri və reinteqrasiya üçün maliyyə dəstəyindən ibarət ola bilər. 

Xatırladaq ki, 2023-cü ilin yanvar-no­yabr aylarında Avropada qeyri-qanuni sərhəd keçidlərinin sayı illik müqayisədə 17 faiz artaraq 355,3 min nəfərə çatıb və bu da 2016-cı ildən bəri maksimum göstəricidir. Əlavə edək ki, miqrant axı­nı fonunda noyabrın 28-də Finlandiya Rusiya ilə sərhəddəki bütün keçidlərin bağlandığını elan edib. Dekabrın 14-də iki keçid məntəqəsinin fəaliyyəti bərpa edilib, lakin həmin gün onlar yenidən bağlanıb.

S.ELAY
XQ

Dünya