Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

post-img

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir ki, yeni məhdudiyyətlər xüsusilə Rusiya Federasiyasının döyüş əməliyyatları aparmaq qabiliyyətinə əlavə zərbə vurmaq məqsədi daşıyır. Görülən tədbirlər həm də anti-Rusiya sanksiyalarından yan keçməyi çətinləşdirməyə yönəlib.

Yanvarın 1-dən Aİ Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalını məhdudlaşdıracaq. Martın 1-dən isə üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər tətbiq olunacaq.

Yeni sanksiyalar paketi, həmçinin Rusiya Federasiyasından alüminium məmulatlarının, o cümlədən məftil, folqa və boruların idxalına məhdudiyyətləri nəzərdə tutur. Mayeləşdirilmiş propanın idxalına da qadağa qoyulub. 

Bundan əlavə, Avropa İttifaqı Avropa şirkətlərini tərəfdaşlarla müqavilələrdə bir sıra ikili təyinatlı malların Rusiyaya təkrar ixracına qadağa qoymağı öhdəsinə götürüb. 

Həmçinin şirkətlərə Rusiya neftini müəyyən edilmiş qiymətdən yuxarı daşıya bilən tankerlərin satışı barədə Avropa Komissiyasına məlumat vermək öhdəliyi də qoyulub.

12-ci anti-Rusiya sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

S.ELAY

XQ

 

Dünya