Ərdoğanın ümidverici Yunanıstan görüşləri

post-img

Bu, son 65 ildə Türkiyənin dövlət başçısının Afinaya ilk səfəridir 

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib. O, burada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə bir çox ikitərəfli və regional mövzuları geniş müzakirə edib. 

Liderlər görüşün sonunda mediaya birgə açıqlama veriblər. Hər iki tərəf görü­şün müsbət məcrada və məhsuldar keç­diyini ifadə edib. “BMT-nin qərarları bizim üçün çox önəmlidir və Kiprlə bağlı inkişaf prosesi bu istiqamətdə aparılmalıdır. İna­nıram ki, aramızda olan düşmənçilik mü­nasibətlərinin sonuna çatmışıq”, – deyə Yunanıstanın Baş naziri bildirib.

Görüşdə Türkiyə vətəndaşlarının Egey adalarına vizasız gediş-gəlişinin müzakirə edildiyini deyən Kiriakos Mitso­takis iki qonşu ölkə arasındakı münasi­bətlərin yeni dövrünü “sakit sularda üzən gəminin kapitanları kimi ikimiz də gözəl bir gələcək yaratmalıyıq” sözləri ilə ifadə edib.

Bildirilib ki, iki sərhədyanı ölkə yan-yana və birlikdə hərəkət etməlidir.

Öz növbəsində dəvətə görə təşək­kürünü bildirən R.T.Ərdoğan bu səfərin Türkiyədən Yunanıstana prezident sə­viyyəsində 65 il aradan sonra ilk ziyarət olduğunu xatırladıb.

“Münasibətlərimizdə mövcud olan müsbət dinamikanı daha da inkişaf etdir­mək istəyirik. Artıq yeddi ildən sonra bu gün Yüksək Səviyyəli Əməkdaşlıq Şura­sının beşinci iclasını keçirməyimiz də bu niyyətin göstəricisidir. Hesab edirəm ki, biz növbəti görüş üçün bu qədər fasilə verməyəcəyik. Təsis bəyannaməsində qeyd olunduğu kimi, bu görüşün ildə, ən azı, bir dəfə keçirilməsi hər iki ölkə üçün faydalı olar”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti görüşdə iki ölkə arasında hazırda, təxminən, 5 milyard dollar olan ticarət həcmini 10 milyard dol­lara çatdırmaq barədə razılığa gəlindiyini qeyd edərək deyib: “Biz həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrimi­zi inkişaf etdirmək istəyirik. Baş nazirlə görüşlərimizdə Egey və Şərqi Aralıq də­nizindəki münasibətlərimizlə bağlı fikir mübadiləsi apardıq və xarici işlər na­zirlərimizdən bu məsələ ilə bağlı işlərə qətiyyətli yanaşmalarını istədik. Hazırkı problemlərimizi konstruktiv dialoq, mehri­ban qonşuluq və beynəlxalq hüquq çərçi­vəsində birgə səylərlə həll etmək səmimi arzumuzdur”.

Görüşdə terrorizmlə mübarizədə əməkdaşlığın inkişafı məsələlərinin də müzakirə olunduğunu deyən Ərdoğan xüsusilə Lavrion düşərgəsinin bağlanma­sını yüksək qiymətləndirdiklərini vurğula­yıb.

M.HACIXANLI
XQ

Dünya