Dünən Azərbaycan Yazıçılar Birliyində görkəmli türkoloq, Əməkdar elm xadimi Tofiq Məliklinin “Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr” kitabının təqdimatı oldu.
Əməkdar incəsənət xadimi Firuz Mustafa Tofiq Məliklinin həyat və yaradıcılığından söz açaraq, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində müstəsna rolunu vurğuladı. O, şərqşünas alimin Azərbaycan–Rusiya elmi-mədəni əlaqələrinin inkişafına və Rusiyada diaspora hərakatına da çox böyük töhfə verdiyini də diqqətə çatdırdı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Tofiq Məliklinin, demək olar ki, bütün kitablarını oxuduğunu söylədi. O, yeni kitabın türkologiya elmi üçün növbəti töhfə olduğunu qeyd etdi. Tofiq Məlikliyə yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Yazıçı, publisist, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Güney professor Tofiq Məliklini sözünü, izini bu dünyada qoyan, Anadolu, Qafqaz, Orta Asiya, son Rusiya və Avropa ölkələrinin türkoloji çevrələrində yaxşı tanınan dəyərli alim, nüfuzlu şəxsiyyət kimi qiymətləndirdi: Ana yurdu Azərbaycanın timsalında bütün türk dünyasını dərindən sevən, bu sevgini sözlə, işlə – yazdığı əsərlərlə, əcnəbi universitetlərdə oxuduğu mühazirələrlə göstərmiş, Sovet dönəmində çoxlarının cürət etmədiyi gerçəklikləri deyib yazmış Tofiq Məlikli türkoloq kimi ömrünün bu çağında da öz missiyasını yerinə yetirməkdə davam edir”.
Filologiya elmləri doktoru, kitabın elmi redaktoru Minaxanım Nuriyeva yeni nəşr barədə ətraflı məlumat verdi.
Professorlar Cəlil Nağıyev, Elxan Əzizov, Elman Quliyev, türkoloq Nuridə Novruzova, şair, oftolmoloq Paşa Qəlbinur, Əməkdar jurnalist Tahir Aydınoğlu və digər tədbir iştirakçıları Tofiq Məliklinin ümumi yaradıcılığı və yeni kitabı haqqında fikirlərini bölüşdülər.
Təqdimat mərasimində qeyd edildi ki, yeni kitabda IX-XV əsr Qədim ortaq türk ədəbiyyatı, qədim türk şeir gələnəyi və heca vəzninin formalaşması, Azərbaycan ədəbiyyatında dövrləşmə problemi, ana dilinin strateji mövqeyi və digər bölmələr öz əksini tapmışdır.
Bildirildi ki, Tofiq Məlikli 15 elmi monoqrafiyanın, türkoloji və filoloji problemlərə həsr olunmuş 200-ə yaxın məqalənin yazarıdır. Həm də dəyərli şeirlər müəllifi olan alim Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fakir Baykurt, Əziz Nesin və başqa Türkiyə yazıçılarının əsərlərini rus və Azərbaycan türkcəsinə çevirmişdir. İki poetik kitabın müəllifidir. Tofiq Məliklinin əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.
Sonda türkoloq alim Tofiq Məlikli XQ-ya qısa açıqlamasında bildirdi: – Biz milli elmimiz olan türkologiya və şərqşünaslıqda baş verən bir sıra prosesləri araşdırmalı və həqiqətləri xalqa təqdim etməliyik. Keçmişi öyrənməsək, bilməsək gələcək nəsillər üçün üstü açılmamış tarix ağır yük olacaq. Qədim Gültəkin, Tonyukuk abidələrində tariximiz və dilimiz əks olunub. Gültəkinin öz xalqına, millətinə türklərə olan müraciətində vəsiyyət olunub: “Ey oğuzlar, ey türk budunları (xalqları), həyatda qalmaq istəyirsinizsə böyük dövlət qurmalısınız. Böyük dövlət də müstəqil olmalıdır. Biz dünyanın böyük bir hissəsini zəbt etdik. Böyük türk dövlətini yaratdıq. Ancaq unutmamalıyıq ki, ətrafımızda düşmənlərimiz də çoxdur. Biz nə Çinin şirin dilinə, nə də ipəyinə aldanmamalıyıq”.
Bunları deməkdə məqsədim odur ki, biz keçmişimizi nə qədər yaxşı bilsək, bu günümüzü doğru dəyərləndirə və gələcəyə böyük ümidlərlə baxa biləcəyik.
Fidan SALMANLI
XQ


