Nümayəndələr Palatası İsrailə 14 milyard dollarlıq yardım layihəsini təqdim edib

post-img

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyası İsrailə 14,3 milyard dollar yardımının ayrılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Yeni layihə Ağ Evin İsrail və Ukraynaya hərbi yardımı birləşdirmək gözləntilərinə ziddir. Bu barədə "The Hill" yazır.

Təklif olunan qanunvericilik İsrailin "Dəmir Günbəz" və "Davidin Sapandı" müdafiə sistemlərini təmin etmək üçün 4 milyard dollar və "Dəmir Şüa" sisteminin inkişaf etdirilməsi üçün 1,2 milyard dollar xərcləməyi təklif edir. 

Hərbi yardımın maliyyələşdirilməsinin Demokrat Partiyasının himayəsi ilə qəbul edilmiş “inflyasiyanın azaldılması üçün” qanunun ixtisarından əldə ediləcəyi gözlənilir. Buraya vergilərin tənzimlənməsi, səhiyyə və iqlimlə bağlı məsələlər daxildir.

Bundan əvvəl ABŞ prezident administrasiyası Konqresdən milli təhlükəsizlik üçün 106 milyard dollar məbləğində əlavə maliyyə ayırmağı xahiş edib. Bu məbləğin 61,3 milyard dollarının Ukraynaya, 14,3 milyard dollarının isə İsrailə tədarük üçün ayrılması təklif edilir. Bununla belə, respublikaçılar yardım paketlərinin ayrıca nəzərdən keçirilməli olduğunu düşünürlər. Bu qərar Ağ Ev tərəfindən tənqid edilib. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre respublikaçıları məsələni siyasiləşdirməkdə ittiham edib.

XQ

Dünya