Ərdoğan: Türkiyə bütün dünyada məzlumların himayədarı olan ölkədir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib. Məlumatı “Anadolu” verib.

Prezident Ərdoğan deyib: “Cümhuriyyətin 100-cü ildönümündə biz xüsusilə qürur və həyəcan keçiririk. Türkiyə Cümhuriyyəti min illər boyu əldən-ələ, ürəkdən ürəyə, nəsildən-nəslə ötürülən nəhəng bir xəzinədir”.

Ərdoğan əlavə edib: “1923-cü il oktyabrın 29-da elan edilən Cümhuriyyətimiz bu gün birinci əsrini başa vuraraq “Türk əsri” adlandırdığımız ikinci əsrə qədəm qoyur.

Prezident bu sözlərlə davam edib: “Min illik dövlətçilik ənənəmizin yeni halqası olan Cümhuriyyətimiz bu torpaqlarda yaratdığımız ilk və sonuncu dövlət deyil. Cümhuriyyətimizin 100 illiyini fəxrlə qeyd edirik ki, bir xalq olaraq güclü, zəngin və dərin sərvətlərimiz var”.

“Bu gün Türkiyə Cümhuriyyəti Qazinin (Mustafa Kamal Atatürk) istədiyi kimi öz bölgəsində və bütün dünyada məzlumların himayədarı olan bir ölkədir. Qafqazdan Asiyaya, Türküstandan Fələstinə qədər, harda dəstəyə ehtiyacı olan məzlum insanlar varsa, onların köməyinə qaçan, əlindən tutub ayağa qaldıran Türkiyədir. Fələstin və Qəzza ilə bağlı biz qəti mövqe tuturuq, Qazinin dediyi kimi, onlara heç kim əl qaldıra bilməz”, - deyə prezident Ərdoğan bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya