ABŞ Yaxın Şərqdə THAAD və Patriot raketdən müdafiə batareyası yerləşdirəcək

post-img

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemlərinin batareyasının və əlavə Patriot zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib. TASS xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Ostin qeyd edib ki, ABŞ prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək barədə qərar qəbul edilib. Eyni zamanda, o xatırladıb ki, ABŞ bundan əvvəl beş müşayiət gəmisi ilə USS Gerald R. Ford təyyarədaşıyan gəmisini, eləcə də USS Dwight D. Eisenhower aviadaşıyıcısını üç müşayiət gəmisi ilə Yaxın Şərqə göndərib.

“Mən, həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə Patriot batalyonlarının yerləşdirilməsi əmrini vermişəm”, - deyə müdafiə naziri vurğulayıb. O, həmçinin "hazırlığı və lazım gələrsə tez cavab vermək qabiliyyətini artırmaq" üçün əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verdiyini söyləyib.

Ostin bu tədbirlərin "fövqəladə planlaşdırma" çərçivəsində həyata keçirildiyini, ABŞ-ın əlavə qüvvələrinin yerləşdirilməsinin "bölgədəki Amerika qoşunlarının müdafiəsini gücləndirəcəyini və İsrailin müdafiəsinə kömək edəcəyini" bildirib. Pentaqon rəhbərinin bəyanatında deyilir: "Mən regionda qüvvələrimizin yerləşdirilməsi tələblərini təhlil etməyə və əlavə qüvvələrin yerləşdirilməsinin zəruriliyini qiymətləndirməyə davam edəcəyəm".

S.ELAY

XQ

 

Dünya