Zelenski: Hollandiya və Danimarka Ukraynaya 42 F-16 qırıcısı verəcək

post-img

Hollandiyanın baş naziri Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə Hollandiya və Danimarkanın F-16 qırıcılarını Kiyevə təhvil verəcəyini bildirib. Bu barədə "Associated Press" xəbər verir. Vladimir Zelenski "Telegram"da yazıb ki, 42 təyyarə ukraynalı pilotlara onları idarə etmək üçün təlim keçdikdən sonra təhvil veriləcək.

Eyni zamanda, "Reuters" agentliyi Kiyevə təhvil veriləcək təyyarələrin sayının hələlik məlum olmadığını bildirib. Agentliyin məlumatına görə, hazırda Hollandiyada cəmi 42 F-16 qırıcısı var və “onların hamısının Ukraynaya təhvil verilib-verilməyəcəyini söyləmək hələ tezdir”. Razılaşmanı "uğurlu saziş" adlandıran Zelenski təyyarələrin dəqiq sayının "bir az sonra" müzakirə ediləcəyini söyləyib. 

"Associated Press"in məlumatına görə, Ruttenin bəyanatı baş nazir və Vladimir Zelenskinin iki boz rəngli F-16-ya baxış keçirməsindən bir neçə dəqiqə sonra verilib. Təyyarələr siyasətçilərin toplantısının keçirildiyi ölkənin cənubunda yerləşən Eyndhoven şəhərindəki hava qüvvələri bazasında anqarda saxlanılıb. Agentlik qeyd edir ki, qırıcılar “açıqlanmayan şərtlər” yerinə yetirildikdən sonra təhvil veriləcək.

Danimarka Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc etdiyi bəyanatda qeyd olunur ki, təyyarələrin ötürülməsi şərtləri arasında sənədləşmə, infrastruktur və logistika ilə bağlı problemlərin həlli də var.

S.ELAY.

"Xalq qəzeti"

Dünya