“Taxıl sazişi” ətrafında vəziyyət gərginləşir

post-img

ABŞ, Ukrayna, Türkiyə və digər ölkələr Rusiyanın sazişdən çıxmasından sonra Ukrayna taxılının ixracı üçün alternativ marşrutların genişləndirilməsini müzakirə edirlər. Eyni zamanda, ərzaq təchizatının təhlükəsizliyinin təmin edilməsi üçün hətta hərbi variantlar da istisna olunmur. Ötən gün Türkiyənin Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq etməsi taxıl sazişi ətrafında vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir.

Bir ilə yaxın qüvvədə olduqdan sonra Rusiya tərəfinin bəyanatı ilə taxıl müqaviləsi fəaliyyətini dayandırdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Rusiya ilə bağlı razılaşmaların bir hissəsinin “indiyə qədər yerinə yetirilməməsi” ilə izah etdi. D.Peskov bildirmişdi ki, şərtlər yerinə yetirilən kimi “Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bir çox ölkələr Rusiya ilə ticarətdən imtina etdi və döyüş əməliyyatları səbəbindən Ukraynadan taxıl ixracı dayandı. Bundan sonra taxılın qiyməti sürətlə qalxdı və bu, bəzi ölkələrdə aclıq təhlükəsi yaratdı. Belə bir təhlükəli vəziyyətin yaranmaması üçün 2022-ci ilin mayında BMT-nin Baş katibi Antonio Quterreş hamı üçün faydalı olacaq bir razılaşma təklif etdi. Bundan sonra Rusiya, Türkiyə və Ukrayna arasında taxılın daşınmasına dair müqavilə imzalandı. Lakin hazırda müqavilə fəaliyyət göstərmir və rəsmi Moskva şərtlərinin yerinə yetirilməsini gözləyir.

ABŞ, Türkiyə və Ukrayna başda olmaqla digər ölkələr sazişin qüvvəyə minməsi üçün çalışırlar. Bununla belə, məsələnin hüquqi qüvvəyə minməsini gözləməyən Ukrayna və tərəfdaşları taxılın təhlükəsiz daşınması ilə bağlı məsləhətləşmələr və praktiki addımlar atırlar. Ukrayna taxılının ixracı üçün alternativ marşrutların genişləndirilməsinin müzakirəsi ilə yanaşı, ərzaq təchizatının təhlükəsizliyinin təmin edilməsi üçün, hətta, hərbi variantları da istisna edilmir. Belə bir planın olması barədə ilk məlumatın “The Wall Street Journal(WSJ) qəzetinin verdiyi bildirilir. ABŞ-ın planı 2023-cü ilin oktyabrına qədər Ukraynanın ixrac qabiliyyətini ayda dörd milyon tona çatdırmaq imkanını nəzərdə tutur. İxrac Dunay və Qara dəniz vasitəsilə Rumıniya limanlarına, oradan isə digər istiqamətlərə daşınacaq. Bu marşrut daha yavaş və daha bahalıdır, lakin hər hansı bir hərbi hücumdan müdafiə baxımından daha təhlükəsizdir. Qəzetə məlumat verən mənbənin sözlərinə görə, “reallıq budur ki, müharibə başa çatmayana qədər Rusiyanı razılığa qaytarmaq çətin olacaq”.

Ukraynadan taxıl ixracı qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün çox vacibdir. Belə iddia olunur ki, Rusiyanın taxıl sazişindən çıxması dünyada ərzaq qiymətlərinin 10 faiz artmasına səbəb olub. ABŞ hazırda taxıl dəhlizlərinin təhlükəsizliyini təmin etmək üçün hərbi yol da daxil olmaqla təklif olunan bütün variantları araşdırır. Amerikalı rəsmilər bunu təsdiqləsələr də, ətraflı məlumat verməkdən imtina edir. Məlumdur ki, ABŞ-ın planları Aİ-nin Ukraynadan taxıl ixracı üçün avtomobil, dəmir yolu və dəniz marşrutlarının yaradılması təşəbbüsünə əsaslanır. Dunay marşrutunun səmərəliliyinin artırılması müzakirə olunur. Məsələn, Rumıniya Ukraynadan ayda dörd milyon tona qədər taxıl qəbul etməyə hazırdır. Bununla belə, Dunay Odessa limanlarına yalnız müvəqqəti alternativdir. Üstəlik, Rusiyadan artıq bu yolu bağlamaqla bağlı xəbərdarlıq da verilir. 

“Taxıl sazişi”nin memarlarından biri Türkiyə də humanitar böhranın qarşısını almaq üçün fəal diplatik siyasət yürüdür. “Yeni Şəfəq” qəzetinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla “Taxıl sazişi”ni müzakirə etmək niyyətindədir. Türkiyə hökuməti iyulun 17-də icrası dayandırılmış “Taxıl sazişi” ətrafında vəziyyətin inkişafının üç ssenarisini müzakirə edir. Hakan Fidan məsələni rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə müzakirə etməyi planlaşdırır. Bu məsələ ilə bağlı Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş də keçirilə bilər.

Birinci ssenari qlobal ərzaq böhranının kəskinləşməsinə gətirib çıxaracaq taxıl sövdələşməsi problemini həll etməyin mümkün olmayacağını nəzərdə tutur. Lakin qəzetin qeyd etdiyi kimi, Rusiya, Ukrayna və ABŞ belə vəziyyətin yaranmasında maraqlı deyil. İkinci ssenari “birtərəfli hərəkətlər və ikitərəfli razılaşmalar əsasında alternativ yolların yaradılması” vasitəsilə həyata keçirilə bilər. Məsələn, Dunay boyunca və ya qurudan Avropaya. Nəhayət, üçüncü ssenari Rusiya Federasiyasının narahatlığının aradan qaldırılacağını və taxıl müqaviləsinin eyni formatda bərpa olunacağını nəzərdə tutur. Bu ssenari, nəşrin müəlliflərinin fikrincə, qlobal ərzaq böhranının qarşısını almağa kömək edəcək.

Göründüyü kimi, Türkiyə “taxıl sazişi”nin qüvvəyə minməsində israrlıdır. Zərurət yarandıqda rəsmi Ankara milli maraqlarını qorumaq baxımından zəruri addımlar atacağını bildirir. Məsələn, Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq etməsi bunu təsdiqləyir. Xatırladaq ki, bu xəbər Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında öz əksini tapmışdı. Məlumatda qeyd olunmuşdu ki,“Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib”. Qeyd edək ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Türkiyəyə məxsus “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açmışdı. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparmışdılar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olmuşdu. Bu xəbərdarlıq bir daha göstərir ki, Türkiyə zərurət yarandıqda qəti addımlar da atmağa hazırdır.

S.MƏMMƏDOV, “Xalq qəzeti”

 

Dünya