Dünya nişançıları: Bakıda hər şey əladır

post-img

Bakı Atıcılıq Mərkəzində dünya çempionatı davam edir. Dünən daha 2 növdə qaliblər müəyyənləşib. 

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında da Çin yığmasının üzvləri rəqiblərini böyük fərqlə məğlub ediblər. 16 xalla çinlilərin qızıl medal qazandığı yarışda 2 xal toplayan İran komandası gümüş medala sahiblənib. Yarışın bürünc medalçısı Fransa komandası olub. Həmin məsafə üzrə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında isə Türkiyə komandasının üzvləri Şevval İlayda Tarhan və Yusuf Dikeç birliyi gümüş medal qazanıblar. Yarışın əsas qalibləri – qızıl medal medalçılar Eşa Sinqh və Şiva Narval cütlüyü olub. Çinlilər C.Ranxin və J.Boven cütlüyü isə bürünc medala yiyələniblər.

Qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışında qızıl medalı 54 xalla Slovakiya təmsilçisi Danka Bartekova qazanıb. 

Ondan cəmi 1 xal geri qalan Dania Vissi ikinci yeri tutub. Yunanıstanlı Emmanuela Katzuraki isə bürünc mükafata yiyələnib. 

İlk yeri tutanlarla yanaşı, finalçı Krovetto Çadid və finala yüksələ bilməyən Türkiyə təmsilçisi Sena Can Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Gümüş medalları qazanan İran milli komandasının üzvləri çempionatla bağlı təəssüratlarını bölüşüblər. Qadın idmançı Şermineh Çehel Amirani turnirin təşkilatçılığından razılığını ifadə edib: “Yarışla bağlı ümumi təəssüratlarımız çox yaxşıdır. Bakı Atıcılıq Mərkəzində hər şey qaydasındadır. Neçə gündür ki, şəhərdəyik. Buvaxtadək heç bir problemimiz yoxdur”.

Onun komanda yoldaşı Amir Məhəmməd Nekunam isə Çin komandası ilə final görüşündən danışıb: “Bu, idmandır. İdmanda udmaq da olur, uduzmaq da. Biz görüşə yaxşı başladıq. Ancaq Çin komandası çox güclü idi. Əsas odur ki, yekunda medalsız qalmadıq”. O, ölkələrində məşq etməklə bağlı çətinliklərinin olduğunu da bildirib:

“İranda məşq edən zaman güllə ilə bağlı problem yaşayırıq. Bu problemi müxtəlif ölkələrlə əməkdaşlıq edərək həll edirik. Məhdud olsa da, məşq üçün müəyyən qədər imkanımız var”.

 Bürünc medal qazanan Fransa komandasının kişi üzvü Romayn Ofyer də yarışın təşkilatçılığından razılıq edib: “Təcrübə göstərir ki, bu cür yarışları təşkil etmək çox çətindir. Bakıda olmaqdan məmnunuq. Burada özümüzü çox yaxşı hiss edirik. Bakı və dünya çempionatı ilə bağlı təəssüratlarımız çox gözəldir”.

Romaynın xanım həmkarı Oseann Muller isə iştirak etdikləri növdə Yay Olimpiya Oyunlarına lisenziya olmasa da, nəticənin onlar üçün vacib olduğunu bildirib: “Biz daha əvvəl də həm gənclər, həm də böyüklər arasında keçirilən müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. Olimpiadaya lisenziya verməsə də, qalib gəldiyimiz yarış bizim üçün vacibdir. Çünki, qarşıdan gələn turnirlərə hazırlıq nöqteyi-nəzərdən gücümüzü bildik. Biz üzərimizdə heç bir təzyiq hiss etmirik. Daim yüksək pillələrdə olub, medallar qazanmaq istəyirik”.

Yianq Ranxin belə bir nüfuzlu yarışda qızıl medal qazandığı üçün özünü xoşbəxt hiss etdiyini deyib: “Bütün rəqiblərim güclü idi. Gümüş medal qazanan Anna Korakaki də çox ciddi hazırlaşmışdı. Finala yaxşı konsentrasiya olmuşdu, digər rəqiblərə fikir vermirdi. 

Niyə həm kişilərin, həm də qadınların mübarizəsində qalib gəlirik? Çünki biz həqiqətən əlimizdən gələni edirik ki, iştirak etdiyimiz yarışlarda qalib gələk. Bunun sirri əzmlə çalışmaq və yarışlar zamanı soyuqqanlığı qoruyaraq qalib olmaqdır”.

Macarıstan komandasının heyətində gümüş medala yiyələnən Rahel Sara Fabian təşkilatçılıqdan məmnunluğunu dilə gətirib, gümüş medalın onlar üçün gözlənilməz olmadığını deyib: “Bizim komanda həm Avropada, həm də dünyada çox güclüdür, iddialılardan biri hesab olunur. Komanda yoldaşım Veronika Mayor dünya səviyyəsində uğurlu idmançılardan biridir. Biz bu uğuru gözləyirdik, təəccüblü olmadı”. 

İdmançı yarışda atıcıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər bir şəraitin yaradıldığını xüsusilə vurğulayıb: “Yarış yüksək səviyyədə təşkil olunub. Mərkəzə gəlib-getmək çox rahatdır. Hər şey əladır. Xüsusilə atış meydançaları çox gözəldir. Final yarışının keçirildiyi zal çox möhtəşəm idi”.

Beləliklə, dünyanın ən güclü nişançıları arasında daha dəqiq atıcıları müəyyənləşdirmək üçün Bakı Atıcılıq Mərkəzində yarışlar gərgin rəqabət və maraqlı mübarizə şəraitində davam edir.  

 L.QURBANOVA, 
“Xalq qəzeti” 

 



İdman