Rusiya sanksiyaları neft gəlirləri ilə dəf edir

post-img

Moskvanın xammal strategiyası Rusiyaya Qərbin sanksiyalarını dəf etməyə kömək edib, onu kapital axınından məhrum etmək cəhdlərinə son qoyub. Bu barədə Fransanın “La Nouvelle Tribune” (LNT) jurnalı yazıb.

Beynəlxalq Enerji Agentliyinin (BEA) avqustun 15-də dərc olunmuş hesabatına istinadən material müəllifləri qeyd edirlər ki, sanksiyalara baxmayaraq Rusiyanın xam neft gəlirləri artıb. Keçən ay Rusiya neftinin bir barelinin orta qiyməti 64,41 dollar olub. Bu sürətli qiymət artımı ABŞ və müttəfiqlərinin Rusiyanın gəlirlərini məhdudlaşdırmaq səylərinə baxmayaraq davam edib. Müəlliflərin fikrincə, Moskvanın işləyib hazırladığı strategiya, OPEC+ neft ittifaqının tədarükü azaltması, sanksiyaların nəticəsini azaldıb. Qərbin cəhdlərinin qarşısını alıb.

Rusiya təkcə iyul ayında xam neft və yanacaq ixracından 15,3 milyard dollar qazanıb ki, bu da əvvəlki aylarla müqayisədə təxminən 20 faiz çoxdur. Fransa Xalq Cümhuriyyət İttifaqı partiyasının lideri Fransua Asselino qeyd edib ki, iyul ayında “Urals” nefti G7 ölkələri tərəfindən müəyyən edilmiş 60 dollardan yuxarı qiymətə satılıb. Onun sözlərinə görə, bu, Rusiya üçün neft cekpotudur. 

Avqustun 1-də Rusiya Maliyyə Nazirliyi 2023-cü ilin yanvar-iyul aylarında “Urals” neftinin orta qiymətinin bir barel üçün 53,94 dollar, iyulda isə 64,37 dollar olduğunu açıqlamışdı. Elə həmin gün “BitRiver”in kommunikasiyalar direktoru Andrey Loboda qeyd etmişdi ki, 7ay ərzində Rusiyanın “Urals” neftinin ABŞ valyutasında qiyməti, təxminən, 35 faiz artaraq G7-nin müəyyən etdiyi tavanı keçib. Sonuncu dəfə “Urals” kotirovkaları 2022-ci ilin payızında yuxarı qiymət həddini keçmiş, 15 oktyabr - 14 noyabr tarixləri üçün orta qiymət bir barel üçün 70,2 dollar təşkil etmişdi. Ekspert avqustda “Urals” neftinin bir barelinin 65-75 dollar diapazonunda satılacağını deyib.

Maliyyə Nazirliyinin məlumatına görə, Rusiyanın “Urals” markalı neftinin orta qiyməti 2022-ci ilin payızından bəri ilk dəfə bir barel üçün 70 dolları ötüb: “2023-cü il iyulun 15-dən avqustun 14-dək olan monitorinqlər dövründə “Urals” neftinin orta qiyməti bir barel üçün 70,33 dollar və ya bir ton üçün 513,4 dollar təşkil edib”.

Xatırladaq ki,2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiya neftinin idxalına embarqo qoyub və üçüncü ölkələr üçün qiymət tavanı (ABŞ, Kanada və Yaponiya da qoşulub) müəyyən edilib. Amma bu tədbirlər və sanksiyalar göründüyü kimi nəticəsiz qalıb.

P. ƏFƏNDİYEV, 
“Xalq qəzeti”

 

Dünya