Marseldə “narkotik böhranı”

post-img

Fransa hökuməti Marselə elit polis qüvvələri göndərir. Polislər burada onlarla insanın ölümünə səbəb olan narkotik maddələrin ticarəti ilə mübarizə aparacaq.  Şəhər zorakılığı ilə mübarizədə ixtisaslaşan  “CRS 8” bölməsi yaxın bir neçə gün ərzində cənub şəhərinə gedəcək və təxminən, bir həftə narkotik ticarətinin qarşısını almaq üçün əməliyyatlar aparacaq. Polis qüvvələri narkotik maddələrin satıldığı bölgədə yerləşəcək.

İyulun ortalarından bəri Marseldə narkotiklə mübarizədə 12 nəfər ölüb. Marsel polisinin prefekti Frederik Kamilleri son mətbuat konfransında bu barədə bildirib:  “Yoda” və “Mafia DZ” qrupları arasında uzun müddət davam edən qarşıdurma yenidən pik həddinə çatıb. Bu da cinayət hallarını artırıb”. Prefektin sözlərinə görə, ilin əvvəlindən bu 2 güclü şəbəkənin payına Marseldə mütəşəkkil dəstələr tərəfindən törədilən qətllərin və ya buna cəhdlərin 80 faizi düşür.

Kamilleri 2 cinayətkar qrup arasında münaqişənin yeni formalar almasından narahatdır: “Sosial mediada qətllər nümayiş etdiriləndə biz narkotiklə bağlı yeni zorakılıq halları ilə qarşılaşırıq”.

 “Xalq qəzeti”

 

Dünya