SOSİAL XƏBƏRLƏR

post-img

DSMF-nin 7 aylıq gəlirləri 3,8 milyard manat olub

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 milyon manat çox olmaqla 3 milyard  848 milyon manat təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilir. 

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar–iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 milyon manat artaraq,  2 milyard 985 milyon manat təşkil edib.

Qeyd edilən dövrdə DSMF-nin xərcləri 3 milyard 513 milyon manat olub. Bu da ötən ilin müvafiq dövründəkindən 15 faiz və ya 460 milyon manat çoxdur.

Əməyin mühafizəsi və mina təhlükəsizliyi 

Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə ölkəmizin işğaldan azad olunmuş ərazilərində əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti belə tədbirlər Ağdamın rayon mərkəzində və bir neçə kəndində keçirilib. Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 26 işəgötürən üzrə 500-dək şəxs iştirak edib. Onlara iş yerlərində əməyin mühafizəsi və mina təhlükəsizliyi ilə bağlı ətraflı məlumatlar verilib, sualları cavablandırılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə bu ilin aprel ayından başlayaraq 4 rayonda – Füzuli, Laçın, Tərtər (Suqovuşan, Talış) və Ağdamda 62 işəgötürən üzrə 1000 nəfərdən çox işçinin iştirakı ilə əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirici tədbirlər keçirilib. Belə tədbirlərdə iştirakçılara, həmçinin qeyd olunan mövzularda yaddaş kitabçası və bukletlər təqdim edilib.

Pensiyaçılara 3,3 milyard manat ödənilib

Cari ilin yanvar–iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz (439 milyon manat) çox olmaqla 3 milyard 319 milyon manat vəsait yönəldilib.

Pensiya təminatı sahəsində islahatlar bu il də davam edərək, fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarına əlavə olunub. Bundan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq, indeksləşdirilməklə 14,7 faiz artırılıb.

Pensiyaların orta aylıq məbləği bu ilin 7 aında 18 faiz artırılaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artırılaraq 466 manata çatdırılıb.

Qeyd olunan dövrdə 19 min 500, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 90 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 



Sosial həyat