Diaspor gəncləri Əlincə zirvəsində

post-img

Naxçıvanda bir həftədir ki, davam edən Diaspor Gənclərinin Yay Düşərgəsi işrtirakçılarının növbəti ziyarət ünvanı qədim diyarın qeyrət və hünər adidəsi Əlincə qalası olub. Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin tarixi irsinin daşıyıcısı olan, yüzillər keçsə də, məğrurluğunu qoruyub saxlayan bu tarixi qala Vətənin qonağı olan gənc soydaşlarımızın böyük marağına səbəb olub. 

Günün ikinci yarısında gənclər “Diaspor üçün bir ideyam var” adlı paneldə iştirak ediblər. Müzakirəni Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Cahid  Kazımov açıb. Qeyd olunub ki, diasporla işin inkişafının təmin olunması üçün ilkin şərtlərdən biri də gənclərin informasiya texnologiyaları haqqında geniş təsəvvür və biliyə yiyələnməsi və bu sahə üzrə ciddi addımların atılmasıdır. Bu mənada, hər bir gənc informasiya vasitələrini, süni intellektin imkanlarını dərindən mənimsəməli və ondan  səmərəli istifadə etməyi bacarmalıdır.  

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov İKT bilgilərinin və avadanlığının bütün sahələrdə tətbiqinin əhəmiyyətindən bəhs edib. 

Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü, ekspert Rəşad Əliyev bu sahədə layihələrin reallaşdırılması, innovativ ideyaların startapa çevrilməsi və onun metodları haqqında, müstəqil ekspert Vüsal Yusifov  isə müvafiq fəaliyyətin təşkili yollarından  danışıb. 

***

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda baş tutan “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.

Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli düşərgənin Naxçıvanda keçirilməsindən və iştirakçıların Naxçıvanda aparılan yenidənqurma və quruculuq işləri, eləcə də bu qədim diyarın tarixi yerləri ilə tanışlığından məmnun olduğunu söyləyib. O, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası sayəsində yaxın beş ildə Naxçıvanda böyük işlər görüləcəyini vurğulayaraq, düşərgə iştirakçılarını beş ildən sonra yenidən Naxçıvana dəvət edib: “Mən sizinlə sağollaşmıram, aramıza xoş gəldiniz deyirəm”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov IV Yay Düşərgəsinin təşkilində göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinə təşəkkür edib. 

Düşərgə iştirakçılarına sertifikatlar təqdim olunduqdan sonra tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 12-dən 18-dək davam edən Diaspor Gənclərinin IV Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəliyinə məxsus olub.

Xatırladaq ki, Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edib.

S.HƏSƏNOV, 
“Xalq qəzeti”

Naxçıvan

 



Sosial həyat