Süni intellekt texnologiyaları sayəsində insan ömrünün yaxın gələcəkdə 120 ilə qədər uzanacağı gözlənilir.
Malardalen Universitetinin tədqiqatçısı İqnat Kulkov İsveç Dövlət Televiziyası –SVT-yə verdiyi açıqlamada bildirib: “Biz 50 ildən sonra gözlənilən ömür uzunluğunun ən azı, inkişaf etmiş ölkələrdə 100-120 il arasında olacağını proqnozlaşdırmışıq”.
Finlandiya, Fransa və İngiltərə universitetlərində işləyən həmkarları ilə birlikdə apardıqları araşdırmanın nəticələri haqqında “Futures” elmi jurnalına məlumat verən Kulkovun sözlərinə görə, texnologiyanın sürətli inkişafı sayəsində yaşlı nəslin 40 yaşındakı insan kimi sağlam olması gözlənilir.
“İnsanlar öz sağlamlıqlarına nəzarət etmək üçün geyilə bilən cihazlardan istifadə edəcəklər. Bu cihazlar həkimlər və xəstəxanalarla bağlantılı olacaq”, – deyən Kulkov onların bəzilərinin insan orqanizminə də implantasiya ediləcəyini bildirib.
Alimin fikrincə, yeni texnologiya ömrün uzanmasına kömək edəcək.
Səadət RZAYEVA, “Xalq qəzeti”