Roma papalarını niyə isveçrəlilər qoruyur?

post-img

Parlaq qırmızı və sarı formaları ilə tanınan İsveçrə qvardiyası Vatikanın ən tanınmış rəmzlərindən biridir. 1506-cı ildə Papa II Yuli etibarlı müdafiəyə ehtiyac olduğunu anlayaraq daimi mühafizəçi dəstə yaratmağı qərara alıb. O zaman İsveçrə hərbi ənənələri və döyüşdə misilsiz şücaəti ilə məşhur idi. Buna görə də Papa sadiq müdafiəçilər tapmaq üçün nəzərini bu kiçik alp ölkəsinə çevirib. İsveçrə qvardiyasının rəsmi formalaşdırılması isə 22 yanvar 1506-cı ildə baş verib. Əvvəlcə mühafizəçilər 150 nəfər olub. Hazırda onların sayı 135 nəfərdir.

Papanın mühafizəçisi kimi isveç­rəlilərin seçilməsinin əsas səbəblə­rindən biri onların etibarlı və qorxmaz döyüşçülər kimi şöhrət qazanması olub. Onlar öz hərbi bacarıqları və nizam-intizamı ilə seçilirmiş. Eyni zamanda, öz vəzifələrinə sadiqliyi ilə də tanınırmışlar. Bu keyfiyyətlər onları Papanın mühafizəçiləri olma­ğa ideal namizədlər etmişdi. Bundan əlavə, isveçrəlilər Avropada heç bir siyasi ambisiyaları olmayan neytral millət olub. Bu, Papaya isveçrəlilərin onun təhlükəsizliyini təhdid edə biləcək siyasi intriqalara və münaqişələrə qarışmayacağına əmin olmağa imkan verib. Zaman keçdikcə İsveçrə qvardiyası təkcə Papanın təhlükəsizliyinin qarantı deyil, həm də Vatikanın mədəni və tarixi irsinin mühüm hissəsinə çevrilib.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya