Ukrayna ordusu cənubda və Baxmut yaxınlığında irəliləyib

post-img

Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində və Bax­mut istiqamətində irəliləyiş əldə edib. İndi Melitopol və Berdyansk istiqamə­tində bir neçə rayonda ağır döyüşlər gedir. 

Ukrayna müdafiə nazirinin müavi­ni Anna Malyar bildirib ki, cənubdakı əks-hücum zamanı 192 kvadratkilometr­dən çox ərazi azad edilib. Son bir həftə ərzində isə bu istiqamətdə müdafiə qü­vvələri düşməni 12 kvadratkilometrdən çox ərazidən çıxarıb. 

Eyni zamanda, Baxmut istiqamətində də uğurlar var. Bu istiqamətdə, təxminən, 35 kvadratkilometr, o cümlədən ötən həftə 4 kvadratkilometr ərazi azad edilib. 

Rusiya da, öz növbəsində, Ukrayna ərazisinə raket zərbələri endirib. Odes­sanın mərkəzinə müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüv-vələri onların bir hissəsini zərərsizləşdi­rib. Bu, tammiqyaslı müharibə başlayan­dan bəri şəhərə edilən ən kütləvi raket zərbəsi olub. Nəticədə, insan təlafatı ilə yanaşı, onlarla memarlıq abidəsi zədələ­nib. Spaso-Preobrajenski Kafedral kil­səsinin raket hücumuna məruz qalması böyük narazılıq yaradıb. BMT-dən bildi­rilib: "Bu, Ümumdünya İrs Konvensiyası ilə qorunan əraziyə növbəti hücumdur".

UNESCO isə təsdiq edib ki, tammiq­yaslı işğalın başlanğıcından bəri bütün Ukraynada, ən azı, 270 mədəni və dini obyektə ziyan dəyib. Qurumun rəhbəri Odre Azule Moskvanı mədəni sərvətlə­rin və dünya irsinin qorunması ilə bağlı beynəlxalq konvensiyalara əməl etməyə çağırıb. 

Avropa diplomatiyasının rəhbəri Jo­sep Borrell deyib: “UNESCO tərəfindən qorunan mədəniyyət abidələrinin dağıl­ması ilə nəticələnən Odessaya kütləvi raket hücumu Rusiya Federasiyasının növbəti hərbi cinayətidir.

Rusiya Ukraynanı məhv etmək üçün artıq yüzlərlə mədəniyyət obyektinə zi­yan vurub”.

Ukrayna Prezidenti Volodimir Ze­lenski isə teleqram səhifəsində yazıb: “Rus terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar. Rus şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər udu­zacaq. Odessaya görə rus terrorçuları mütləq cavab verəcəklər. Onlar bu cava­bı hiss edəcəklər".

Prezident qeyd edib ki, hazırda düşmənin gecə hücumu nəticəsində zərərçəkənlərin hamısına lazımi yardım göstərilir.

Hadisələrin bu fonunda Rusiya Mari­upola əlavə canlı qüvvə və texnika yığır. Bu, tezliklə həmin istiqamətdə ağır dö­yüşlərin gedəcəyindən xəbər verir.

 

P. ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya