Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiyanın Odessaya hücumunu kəskin şəkildə pisləyib.
BMT-nin sözçüsü Stephane Dujarric mövzu ilə bağlı verdiyi yazılı açıqlamada "Baş katib Rusiyanın Odessaya raket hücumu nəticəsində mülki əhalinin ölümünə səbəb olan və UNESCO tərəfindən qorunan Transfiqurasiya (Dönüşmə) kafedral kilsəsinə və dünya irsi siyahısında olan Odessa Tarixi Mərkəzindəki digər binalara ziyan vuran raket hücumunu sərt şəkildə qınayır" deyib.
Hücumun mədəni sərvətlərin mühafizəsi ilə bağlı 1954-cü il tarixli Haaqa Konvensiyasının pozulması olduğunu qeyd edən Dujarrik Quterreşin “müharibənin Ukrayna mədəniyyəti və irsi üçün artan təhlükə yaratdığından” narahat olduğunu bildirib.
24 fevral 2022-ci ildən Ukraynada 116-sı dini məkan olmaqla 270 mədəniyyət obyektinin zədələndiyini vurğulayan Dujarrik deyib:
"Baş katib Rusiyanı geniş şəkildə təsdiqlənmiş beynəlxalq normativ vasitələrlə qorunan mədəni sərvətlərə hücumlarını dərhal dayandırmağa çağırır. Baş katib həmçinin mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları dərhal dayandırmağa çağırmaqda davam edir".
Qeyd edək ki, Ukrayna Rusiyanın Odessaya hücumu nəticəsində 1 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.
Rusiya isə Odessa şəhəri yaxınlığında insansız su aparatları istehsalı edən və bu aparatlarla terror aktları hazırlığı görülən obyektlərin yüksək dəqiqlikli raketlərlə vurulduğunu açıqlayıb.
Anar ƏLİ,
“Xalq qəzeti”