Britaniyanın müdafiə naziri istefaya hazırlaşır

post-img

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles payızda kadr dəyişikliyi zamanı vəzifəsini tərk etməyi düşünür.

Xarici KİV xəbər verir ki, bu vəzifəni maliyyə nazirinin müavini Con Qlen, daxili işlər nazirinin müavini Tom Tugendhat və ya xarici işlər nazirinin müavini En-Mari tuta bilər.

Qeyd olunub ki, Uolles keçmiş baş nazir Boris Consonun yaxın adamı olub və hazırda Rişi Sunak hökumətini dəstəkləyir.

Məlumata görə, qərar Mühafizəkarlar Partiyasındakı problemlərlə bağlı deyil.

“Bu dəyişikliklər gələcəklə bağlıdır və Rişi Sunak seçkidən əvvəl ictimaiyyətə daha yeni bir komanda təqdim edir”, – “The Times” qəzeti yazıb.

Qeyd edək ki, 53 yaşlı Ben Uolles mühafizəkarlar arasında populyar olmasına baxmayaraq, baş nazirliyə namizədliyini irəli sürməyib. Əvvəlcə o, Liz Trassı dəstəkləyib, daha sonra isə Boris Consonun yenidən seçilməsini müdafiə edib. Rişi Sunak Baş nazir seçildikdən sonra rəqiblərini dəstəkləməsinə baxmayaraq, onu vəzifəsindən uzaqlaşdırmayıb.

Ben Uolles NATO-nun baş katibi postuna da iddialı olub, lakin alyans ölkələri hazırkı lider Yens Stoltenberqin səlahiyyətlərini bir il müddətinə uzatmağa qərar verdilər.

 

“Xalq qəzeti”

Dünya