Fransada 6 minə yaxın insan polis zorakılığına qarşı etiraz aksiyası keçirib

post-img

Fransanın bir çox şəhərində polis zorakılığına qarşı təşkil edilən nümayişlərə 6 minə yaxın insan qatılıb.

TASS xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, şənbə günü respublikada 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Orada 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gəlib. Həmin gün etirazlar Anqulme, Venisie, Dijon və ölkənin digər şəhərlərində də keçirilib. Lilldə yerli hakimiyyət nümayişi qadağan edib.

Parisdə 2016-cı ildə jandarmlar tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 24 yaşlı qaradərili Adama Traorenin bacısı Assa Traorenin çağırışı ilə Respublika meydanında mitinq keçirilib. Aksiya başlamazdan əvvəl prefektura nümayişə qadağa qoyub. İştirakçılar meydana toplaşmağa başlayanda polis hərəkətə keçib, icazəsiz nümayişdə iştirak etdiklərinə görə bir neçə nəfəri cərimələyib. Saxlanmalar bir neçə iştirakçının polisin dağılmaq tələbinə baxmayaraq, şəhərin küçələrində hərəkət etmək üçün kolonna yaratmağa başlamasından sonra başlayıb.

Parisdə keçirilən nümayiş zamanı nümayişin dağıdılmasında iştirak edən qadın polislərdən birinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunan Assa Traorenin qardaşı Yusuf saxlanılıb. İnternetdə yayımlanan videoya görə, kişi polis əməkdaşlarına fəal müqavimət göstərib. Sonradan məlum olub ki, o, saxlanarkən göz zədəsi alıb. “Le Figaro” qəzetinin məlumatına görə, kişi polis idarəsində özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. Bazar günü Yusuf Traorenin həbsinə xitam verilib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya