“YouTube” şirkəti smartfon və ya planşetdə videolara baxarkən təsadüfi toxunuşların qarşısını almaq üçün ekran kilidi funksiyası üzərində işləyir. Yeni funksiya ilkin mərhələdə yalnız premium abunəçilərə təklif olunacaq.
Bu funksiya videoya baxılan zaman ekran sensorunu söndürür. Beləliklə, istifadəçilər təsadüfən ekrana toxunduqları halda belə video davam edir. Hələ sınaq mərhələsində olan yenilik smartfon və ya planşetdən video izləməyi asanlaşdıracaq. O, həm android, həm də iOS proqramlarında sınaqdan keçirilib. Test mərhələsindəki istifadəçilər ekran kilidi funksiyasının olduqca sadə işlədiyini bildiriblər.
“YouTube”un video pleyerində görünəcək nişan ilə funksiyadan istifadə etmək mümkün olacaq. Digər tərəfdən, istifadəçilər reklamların qarşısının alınması üçün də “YouTube”dan bu cür addım gözləyirlər.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”