BBC xəbər verir ki, yeniyetmənin polis tərəfindən öldürülməsi ilə əlaqədar iğtişaşların dördüncü gecəsində asayişi təmin etmək üçün Fransa hakimiyyəti 45 min polis məmuru və zirehli texnika cəlb edib.
İğtişaşçılar binalara və avtomobillərə od vurub, bütün ölkə üzrə, o cümlədən Marsel, Lion, Tuluza, Strasburq, Lil və Parisdə polislə qarşıdırma baş verib.
İlkin məlumatlara görə, Əlcəzair əsilli azyaşlı Nael M. çərşənbə axşamı səhər saatlarında polis tərəfindən öldürülüb. O vaxtdan bəri Fransa şəhərlərini hər gecə iğtişaşlar bürüyür.
Fransanın daxili işlər naziri Gerald Dermanin vurğulayıb ki, bu gecə vəziyyət əvvəlki gündən xeyli sakit olub. Parisin qərbində yerləşən İvelin departamentinə bir gecəlik səfəri zamanı o, iğtişaşların miqyasının xeyli azaldığını, bəzi ərazilərdə vəziyyətin “son dərəcə sakit” olduğunu bildirib.
Eyni zamanda, Fransanın müxtəlif şəhərlərində geniş yayılmış xaos xəbərləri var. Daxili İşlər Nazirliyi saxlanılanların sayının 470 nəfəri keçdiyini bildirib. Ötən gün 900-dən çox adam həbs edilib.
"Xalq qəzeti"