Sosial şəbəkələrdə məşhur və ya tanınmış şəxslərin adına açılmış fan səhifələrinə (pərəstişkarların açdığı səhifələr) tez-tez rast gəlirik. Zaman-zaman eyni adama onlarla fan hesabı açılır və onların həqiqiliyini ayırd etmək çətin olur. “YouTube” bu cür problemləri aradan qaldırmaq üçün bəzi məhdudiyyətlər tətbiq edəcək.
Məlumata görə, istifadəçilərin belə “fan hesabı” onların kanalının işləməsi üçün kifayət etməyəcək. Artıq başqasının materialını yaymaq və ya bu kanalların adlarını kiçik dəyişikliklərlə istifadə etmək qadağan olacaq. Digər kanalların ümumi görünüşünü, profil şəkli və ya fon kimi kiçik detalları təkrarlayan istifadəçilərin kanalları bağlanacaq.
Qeyd edək ki, şirkət bu addımı ilə izləyicilərin aldadılmasının və kanal sahiblərinin adlarından başqa məqsədlər üçün istifadənin qarşısını almağı planlaşdırır. Yeni qaydaların avqustun 21-dən etibarən qüvvəyə minəcəyi açıqlanıb.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”