Ukrayna Silahlı Qüvvələri Rusiyanın xüsusi hərbi əməliyyat zonasında iyunun 4-dən bəri 263 hücum həyata keçirib. Bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.
Onun sözlərinə görə, RF hərbçiləri bunun qarşısını mətanətlə alıb və Ukrayna məqsədinə çata bilməyib. Ancaq Kiyev Donetsk, Cənubi Donetsk və Zaporojye istiqamətində hücumları davam etdirir.
“Bu zaman Kiyev rejimi çoxlu sayda Qərb silahlarından və NATO mütəxəssisləri tərəfindən hazırlanmış elit birləşmələrdən istifadə edir”, - deyə Şoyqu bildirib.
Nazir deyib ki, Ukrayna HIMARS və Storm Shadow raketləri ilə Krımı və Rusiyanın digər regionlarını vurmağı planlaşdırır. Onun fikrincə, bu raketlərin istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tammiqyaslı qoşulması deməkdir və Ukrayna ərazisindəki qərar qəbulu məntəqələrinə zərbə vurulmasına səbəb olacaq.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”