WSJ: Corc Soros səhm imperiyasına nəzarəti oğluna verir

post-img

Amerikalı maliyyəçi Corc Soros 25 milyard dollarlıq fond imperiyasına nəzarəti oğlu Aleksandra verir. TASS xəbər verir ki, bu barədə bazar günü "The Wall Street Journal" məlumat yayıb.

Onun sözlərinə görə, dekabrda 92 yaşlı Sorosun Açıq Cəmiyyət fondlarının direktorlar şurası onun oğlu Aleksandrı sədr seçib. Belə ki, 37 yaşlı Aleks bu postda atasını əvəzləyib. O, həmçinin Sorosun Siyasi Fəaliyyət Komitəsinin prezidenti vəzifəsini də icra edir. Bundan əlavə, Aleks Soros, fondun və ailənin vəsaitlərini idarə edən firma olan Soros Fund Management-ə nəzarət edən investisiya komitəsində yeganə ailə üzvüdür. İş adamının nümayəndəsinin sözlərinə görə, yaxın illərdə 25 milyard dolların böyük hissəsi Açıq Cəmiyyət Fonduna göndəriləcək. Eyni zamanda, siyasi fəaliyyət komitəsi üçün təxminən 125 milyon dollar ayrılacaq.

Qəzetin yazdığına görə, Corc Sorosun təqaüdə çıxacağına şübhə edənlər olub. Müsahibəsində o, deyib ki, fondun “uşaqlardan birinin əlinə keçməsini” istəməyib. Maliyyəçinin fikrincə, fondu “bunun üçün ən uyğun olan” idarə etməlidir. Buna baxmayaraq, Aleks atasının etibarını qazanıb, çünki o, təşkilatın dünya üzrə ofislərinə səfərlərdə onu tez-tez əvəz edirdi. "O, buna layiq idi",- deyə Corc Soros oğlunu tərifləyib.

Aleks Soros təşkilata sədr seçildikdən sonra verdiyi ilk müsahibəsində amerikalı solçu siyasətçiləri dəstəkləməyə və ABŞ-ın daxili siyasəti ilə məşğul olmağa davam edəcəyini söyləyib, çünki özü də atasından daha “siyasi fəal”dır. Aleks qəzetə onun və atasının fikirlərinin eyni olduğunu desə də, səsvermə hüququ və abort hüququ ilə bağlı kampaniyada daha fəal olacağını qeyd edib. İş adamı 2024-cü il seçkilərindən sonra Donald Trampın yenidən ABŞ prezidenti seçilə biləcəyindən narahat olduğunu da bildirib.

Nəşrin məlumatına görə, Aleks Soros ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri, Konqres və ştat liderləri - Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb. Qəzet yazır ki, Soros Açıq Cəmiyyət Fondu müxtəlif ölkələrdə insan haqlarını müdafiə edən və demokratiyanı təbliğ edən qruplara ildə təxminən 1,5 milyard dollar göndərir. Soros universitetlərə və təhsil təşkilatlarına da vəsait ayırır.

S.ELAY,

"Xalq qəzeti"

 

Dünya