Ankara raket zavodunda partlayış

post-img

Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib. Partlayışdan sonra zavodun üzərinə tüstü qalxıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları, polis əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğınsöndürənlər zavodun ərazisində axtarış-xilasetmə işlərinə başlayıb. 

Zavodda patlayış olduğunu öyrənən işçilərin yaxınları da müəssisənin önünə toplaşıblar. Türkiyə Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, partlayış nəticəsində 5 nəfər həlak olub, xəsarət alanlar var. Xəsarət alanla­rın bəzilərinin vəziyyəti isə ağırdır. 

Hazırda partlayışla bağlı təhqiqat aparılır. Bundan sonra onun şabotaj olub-olmadığına aydınlıq gətiriləcək. İlkin versiyaya görə, əvvəlcə zavodun dinamit istehsalı bölümündə yanğın, sonra isə partlayış baş verib. 

Türkiyədə ölümlə nəticələnən digər hadisə Burdur şəhərində baş verib. İki minik avtomobilinin toqquşması nəticə­sində 5 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Qəza Burdur-Karamanlı yolunda qeydə alınıb. Hadisəyə avtomo­billərdən birinin sürücüsünün idarəetmə­ni itirməsi səbəb olub. Yaralılar xəstəxa­nalara çatdırılıb, araşdırma aparılır.

Dünən Türkiyə daha bir hadisə ilə diqqət mərkəzində olub. İstanbulda hüquq-mühafizə orqanları uğurlu əmə­liyyat həyata keçiriblər. Onlara əsasən xarici vətəndaşlardan ibarət cinayətkar şəbəkənin Afrika ölkələrinə saxta dol­lar əskinasları göndərməyə hazırlaşdığı barədə məlumat daxil olub. Hüquq-mü­hafizə orqanlarının əməkdaşları şübhə­lilərin Kağıthanə rayonunda yerləşən anbara tez-tez girib-çıxdıqlarını, həmçi­nin oraya qutular daşıdıqlarını müəyyən ediblər.

Polislərin keçirdiyi əməliyyat zamanı üçü İsveç, digərləri İngiltərə, Qana və Türkiyə vətəndaşları olan şəxslər saxla­nılıb. Anbardan 10 milyon ədəd 100 dol­larlıq əskinas müsadirə edilib (1 milyard dollar).

Həbs edilənlərin Şişli rayonunda yer­ləşən villalarında da axtarışlar aparılıb, axtarış zamanı qızıl-zinət əşyaları və külli miqdarda pul müsadirə edilib. Sax­lanılanların vətəndaşı olduğu ölkələrin konsulluqları istintaqla bağlı məlumatlan­dırılıb.

P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya