CNN: İngiltərə Ukraynaya “Fırtına kölgəsi” göndərib

post-img

CNN mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Krallıq Ukraynaya bir neçə “Storm Shadow” (“Fırtına kölgəsi”) qanadlı raketlərini verib. Bu raketlərin məhvetmə məsafəsi 250 km-dir. Bunlar Rusiya-Ukrayna müharibəsi başlayandan  Qərbin Kiyevə ötürdüyü ən uzun mənzilli raketlərdir.

Mənbə qeyd edib ki, nəzəri olaraq “Fırtına kölgəsi” Ukraynanın şərqindəki Rusiyanın nəzarətində olan ərazilərə dərin zərbələr endirə bilər. Adı açıqlanmayan Qərb rəsmisi telekanala bildirib ki, Qərb ölkələri Kiyevdən raketlərdən yalnız Ukraynanın suveren ərazisindəki hədəflərə zərbələr endirmək üçün istifadə olunacağına dair zəmanət alıblar. CNN qeyd edir ki, Böyük Britaniya hakimiyyəti Krımı dəfələrlə Ukraynanın "qanunsuz ilhaq edilmiş" suveren ərazisi kimi tanımışdır. 

ABŞ hərbi rəsmisi CNN ilə söhbətində “Fırtına kölgəsini” yaxın perspektivdə dəyişən “oyunçu” adlandırıb. CNN qeyd edir ki, Ukrayna Rusiya ilə hərbi münaqişə başlayandan bəri uzaq mənzilli raketlər istəyib. Ukrayna SQ-yə  verilən Amerika raketlərinin maksimum məsafəsi təxminən 49 mildir (təxminən 80 km ).

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml “Fırtına kölgəsi”ni Ukraynaya çatdırmaq qərarını mənfi hal kimi qiymətləndirib: “Biz, təbii olaraq, hərbi baxımdan bu fonda müvafiq qərarlar qəbul edəcək hərbçilərimizdən adekvat cavab tələb edəcək”,  – deyə Peskov brifinqdə vurğulayıb.

Fevral ayında  “The Times” Kiyev rəsmilərinə istinadən Ukrayna SQ-nin Krımdakı hədəflərə zərbələr endirmək üçün ingilis raketlərindən istifadə etməyə hazır olduğunu bildirmişdi. Nəşr həmçinin yazırdı ki, Böyük Britaniya hökuməti Ukraynaya nə qədər raket verə biləcəyini müzakirə edir. Seçimlərdən biri 560 km məsafəyə malik “Fırtına kölgəsi” aviasiya raketləridir (ixrac variantında — təxminən 250 km).

 

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya