Aİ və ABŞ Makronun Ukraynadakı münaqişəni Çinin köməyi ilə həll etmək planını tənqid edib

post-img

"Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir ki, Aİ ölkələri Fransa prezidenti Emmanuel Makronun Rusiya və Ukrayna arasında danışıqların bərpası üçün sülh planı ilə Çin prezidenti Si Cinpinə müraciət etmək niyyətini tənqid edib. Onların fikrincə, ABŞ hakimiyyəti də cənab Makronun niyyətindən narazı qalıb.

Rəsmilər Fransa prezidentinin "bütün Aİ üzvləri ilə əvvəlcədən məsləhətləşmədən belə incə diplomatik səylər göstərmək" cəhdini müttəfiqləri tərəfindən "vaxtından əvvəl" kimi tənqid edib. Aİ də hesab edir ki, onun təşəbbüsü blokun birliyinə xələl gətirə bilər.

Bundan əlavə, "Bloomberg" yazır ki, Emmanuel Makronun Ukraynadakı vəziyyətə münasibəti "Vaşinqtonu sevindirməyib". Agentliyin mənbələri deyirlər ki, ABŞ prezidenti Co Bayden administrasiyası Makronun Çinlə yanaşı işləmək istəyindən “artıq qıcıqlanır". Agentliyin məlumatına görə, ABŞ hesab edir ki, Fransa prezidenti “müttəfiqlərlə məsləhətləşmədən həssas diplomatik məsələdə sərbəst fəaliyyət göstərir”.

"Bloomberg" keçən həftə Emmanuel Makronun planları haqqında məlumat vermişdi. Fransa tərəfinin strategiyası onu deməyə əsas verir ki, Kiyev və Moskva arasında danışıqlar bu yay baş tuta bilər. Kreml bu plandan xəbərsiz olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi Avropanın Rusiya və Ukrayna arasında danışıqları bərpa etmək istəyini dəstəklədiyini bildirib.

Aprelin 20-də Co Bayden fransalı həmkarı ilə telefon danışığı aparıb, onlar digər məsələlərlə yanaşı, Makronun Çinə səfərini də müzakirə ediblər, lakin iki ölkə liderlərinin mətbuat xidmətləri bu mövzu ilə bağlı təfərrüatları açıqlamayıblar.

S.ELAY,

"Xalq qəzeti"

Dünya