Türkiyədəki xarici tələbələr zəlzələdən zərər çəkənlərə yardım üçün səfərbər olublar

post-img

Əsrin ən böyük fəlakəti ilə üzləşən Türkiyə çətin günlərini yaşadığı bir dövrdə qardaş Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələri kömək üçün səfərbər olublar. Xarici ölkələrdən Türkiyədə təhsil alan tələbələr də faciənin ilk günlərindən yardım aksiyasına qoşulublar.

Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Tələbə Assosiasiyaları Federasiyasının (UDEF) çətiri altında yardım göstərən tələbələrin sayı minlərlədir.

Təkcə Akdeniz Beynəlxalq Tələbə Dərnəyinin 90 min üzvü tərəfindən toplanan maddi yardımın məbləği 50 min, humanitar yardımın məbləği isə 100 min türk lirəsi təşkil edir. Babı Alem Beynəlxalq Tələbə Dərnəyi isə indiyədək ümumilikdə 1,8 milyon lirə məbləğində humanitar yardım edib. Dərnəyin yardım işlərində 100 xarici tələbə iştirak edib.

Ağrı Nuhun Gəmisi Beynəlxalq Tələbə Dərnəyinin maddi yardımı 45 min lirə, humanitar yardımı isə 500 min lirə təşkil edib. Təkcə Yeni Şərq Beynəlxalq Tələbə Dərnəyindən 120 xarici tələbə yardım işlərində səfərbər olub. Bundan əlavə, 18 min lirə pul və 150 min lirəlik humanitar yardım toplanıb. Yedirenk Beynəlxalq Tələbə Dərnəyindən isə AFAD, İHH, Kızılay və bələdiyyələr kimi qurum və təşkilatların yardım toplama, çeşidləmə və yükləmə fəaliyyətlərinə 100 xarici tələbə dəstək verib. Digər diqqətçəkən fəaliyyət isə Kayseri Beynəlxalq Tələbə Dərnəyi tərəfindən həyata keçirilib. Bu dərnəkdə peşəkar axtarış-xilasetmə təhsili almış səkkiz fərqli ölkədən 15 xarici tələbə AFAD-ın Kahramanmaraşda apardığı axtarış-xilasetmə işlərinə dəstək verib. Asma Köprü Beynəlxalq Tələbə Dərnəyi isə 23 milyon 623 min 375 lirə maddi yardım toplayıb.

Ümumilikdə, UDEF tərəfindən həyata keçirilən yardım fəaliyyətlərində 1553 xarici tələbə iştirak edib və indiyədək 770 min lirə maddi və 27 milyon lirəlik humanitar yardım toplanıb. Xarici tələbələr bu böyük fəlakətdə Türkiyənin yanında olmaq üçün əllərindən gələni edirlər.

Dünya