Paytaxt sakinləri bayramı xoş ovqatla qarşılayırlar

post-img

Bayramlar içində ən əziz, ən doğma və ən sevilən bir bayramdır Novruz bayramı! Novruz “təzə il” deməkdir, baharın gəlişindən müjdə verir. Gəlişi ilə evlərə, ailələrə büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı ürək sevinci və qəlb fərəhi ilə qarşılasın. 

Novruzda küsülülər barışır, qohum­lar, dostlar bir-birinin evinə təbrikə ge­dirlər. Gənc qızlar, oğlanlar tonqal yan­dırır, “ağırlığım-uğurluğum odda qalsın” deyərək üzərindən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar.

Biz də Bakı sakinlərinin bayrama necə və hansı ovqatla hazırlaşdığını öy­rənmək məqsədilə onların bir neçəsi ilə görüşdük, Novruzla bağlı təəssüratlarını bölüşmələrini xahiş etdik. 

Şəhər sakini Kübra Məmmədo­va hər il olduğu kimi, bu il də bayra­mı yüksək səviyyədə keçirəcəklərini dedi: 

– Novruz yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Mən İçə­rişəhərdə yaşayıram. Burada bahar bay­ramı həmişə yüksək səviyyədə qeyd olu­nub. Biz də milli adət-ənənəmizə sadiq qalaraq, bayram süfrəsi üçün şəkərbura, paxlava və digər ləziz təamlar hazırlamı­şıq, səməni cücərtmişik. 

Azyaşlı övladlarını bayram ərəfə­sində şəhərə gəzməyə çıxaran Leyla Quliyeva elə Novruz tədbirindən gəl­diklərini bildirdi: 

– Bu gün məktəbdə uşaqlar üçün ba­har bayramı şənliyi təşkil edilmişdi. Qəra­ra gəldik ki, bayramdan sonra şəhəri də gəzək, alış-veriş də edək. Necə deyərlər, “həm ziyarət, həm də ticarət”. 

İçərişəhərin “Qoşa qala” qapıları ad­landırılan ərazisində isə şəhərə ekskur­siyaya gələn müəllim və şagird heyəti ilə qarşılaşdıq. Düşündük ki, bayramla bağlı onlarla da söhbətləşək. Körpə fidanların qəlbindəki sevinc duyğuları onların göz­lərindən oxunurdu. Nərimanov rayonun­dakı 39 saylı məktəbin sinif müəlliməsi Təranə Rüstəmova şagirdlərini öz öv­ladları qədər sevdiyini və hər il bayram günlərində onları paytaxtımızın tarixi mə­kanları ilə tanış etdiyini dedi. 

Övladı həmin məktəblilər arasında olan valideyn Ülviyyə Əbülfəzqızı isə milli adət-ənənələrimizin gənc nəslə ötürülməsi baxımından bu cür ekskur­siyaların əhəmiyyətli olduğunu vurğu­ladı.

Ötən ilə nisbətən bu il şou xarakterli bayram tədbirlərinə daha az yer verildi­yini deyən şəhər sakini Nizami Məmmə­dov isə bildirdi ki, hər il bu vaxtı burada çoxsaylı musiqi proqramları təşkil olunur­du. Bu il, sanki, həmin proqramlara bir qədər az yer verilib:

– Düşünürəm ki, bu da, qardaş Tür­kiyədə baş vermiş zəlzələ ilə bağlıdır. Al­lah bir də türk xalqını belə ağır sınaqlara çəkməsin. Amin! 

İçərişəhərdə milli atributlarımızın əks olunduğu müxtəlif əl işləri, qədim xalça­lar, kəlağayılar və s. məhsulların satıldığı kiçik bir köşk diqqətimizdən yayınmadı. Yerli sakinlər və ölkəmizə səfərə gələn əcnəbi turistlər sadaladığımız bu əşya­lardan alırdılar. 

Cas Ceys adlı ingiltərəli turistə yaxın­laşaraq ondan şəhərimizlə bağlı fikirlərini də öyrəndik. O, Bakının çox gözəl şəhər olduğunu dedi:

– Bakı həqiqətən də heyrətamiz gözəlliyə malik yerdir. İnsanları gülərüz və mehribandır. İçərişəhər və ətrafda da bayram ab-havası hiss olunur. Hər yer əlvan rənglərə boyanıb. Bu şəhəri çox sevirəm.

Ceys Bakıya səfərinin Novruz bayra­mına təsadüf etməsindən çox məmnun qaldığını və gələn il də bayram ərəfəsin­də yenidən Bakıya gələcəyini bildirdi. 

İçərişəhərdə Quba rayonundan olan Vətən müharibəsi qazisi Xəyal Xaninbə­yovla da görüşdük. O, bura qızı Arzum ilə gəlmişdi. Bütün qazilərin adından fəxarət hissi ilə qeyd etdi ki, Azərbaycan xalqı artıq üçüncü ildir Novruzu qalib xalq kimi qarşılayır, bu qələbədə zərrə qədər də payı olduğu üçün böyük fəxarət hissi keçirir. 

İçərişəhərdən Xəzərin sahillərinə yollandıq. Burada çoxlu gənc oğlan və qızlar vardı. Onların hər birinin mehriban simasından baharın gəlişinə sevindiyi se­zilirdi. 

Bəli, baharda arzular boy atır, insan­ların qəlbində ən ülvi duyğular baş qal­dırır. Biz də hər birinizi bahar bayramı münasibətilə təbrik edir, süfrələrinizin bol ruzi və bərəkətli olmasını diləyirik. Bay­ramınız mübarək olsun, əziz həmvətən­lərimiz! 

 

Elçin ABBASOV,
Fidan HÜQUQQIZI,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”

ee.jpg

Sosial həyat