Naxçıvan: Qədim diyar yeni inkişaf mərhələsində

post-img

Bakı–Naxçıvan təyyarə marşrutunun səhər reysi ilə 1 saatdan da tez mənzilə yetişib qədimdən-qədim türk torpağı üzərində son 25 ildə tamamilə yenidən qurulub gəncləşmiş bir şəhərin sübh mənzərəsinə heyranlıqla tamaşa etdik. Axşamdan yağmış qarın nazik, bəyaz örpəyi isə ayazlı fevral səhərində Naxçıvan şəhərinə əlavə bir təravət, ilıq bir əhval gətirmişdi.

“Naxçıvan” və “blokada” ifadələri Qarabağ münaqişəsinin başladığı vaxt­lardan qoşa işlənir, dərhal biri digərini yada salır. Sovet dövründə Leninqradın (Sankt-Peterburq) 900 gün mühasirə­də yaşaması misilsiz bir dəyanət, tarixi nadirlik kimi yozulurdu. Bu baxımdan, Naxçıvanın 35 il müddətində nəinki sərt blokadaya davam gətirməsi, əksinə, Azərbaycanın digər bölgələrindən də artıq dərəcədə yeniləşməsi, müasirləş­məsi, tərəqqiyə qovuşması fenomen bir tarixdir.

1988-ci ildə erməni millətçiləri sepa­ratçı hərəkata start verəndə Qarabağın dağlıq hissəsini Ermənistana birləşdir­məyə ümidli olsalar da, Azərbaycanla birbaşa əlaqəsi kəsilmiş Naxçıvanı ələ keçirəcəklərinə ikiqat əmin idilər. 1990 –1993-cü illərdə taleyinin ağır dönəmini Naxçıvanın bəlalı, köməksiz durumu ilə ortaqlaşdırmış ümummilli lider Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi üzərinə götürməsi ermənilərin bu niyyə­tini gözlərində qoydu.

Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra Naxçı­vanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf et­məyin, tarixi nailiyyətlər qazanmağın ör­nəyini dünyaya sərgilədi. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişafın Naxçıvan modeli konsepsiyası isə son 20 ildə muxtar respublikanın hərtərəfli tərəqqisini təmin etdi. Bu gün Naxçıvan şəhəri öndə olmaqla, muxtar respublika­nın bütün yaşayış məntəqələri məşğul­luğun təmin edildiyi, əksər ehtiyacların normal ödənildiyi bir məkandır.

Bütün bunlar ulu öndərin Azərbay­candan ikiqat aralı düşmüş Naxçıvanı inkişafın yüksək səviyyəsində və ehtiyac-sız görmək arzusunu Prezident İlham Əliyevin davamlı olaraq reallığa çevirmə­si deməkdir. Dövlət başçısının gündəlik qayğısı, bilavasitə rəhbərliyi, vaxtaşırı səfərləri ilə müşayiət olunan bu müstəs­na dövlət siyasəti Naxçıvanı Azərbay­canda yeniləşmə və tərəqqi poliqonuna çevirmişdir. Muxtar respublikaya qədəm basan hər kəs təyyarə meydanından başlayaraq Ermənistan və İranla sərhəd­lərin son nöqtələrinədək bu tarixi nailiy­yəti öz gözləri ilə görür və heyran qalır. 

Biz də bir daha gördük, sevindik, məmnun qaldıq. Görüşdüyümüz hər kəs də bu əhval-ruhiyyənin canlı timsalı idi. Dövlət başçısı İlham Əliyevin muxtar respublikada prezident idarəçiliyini tətbiq etməsi ilə başlanan inkişafın yeni mər­hələsini Naxçıvan əhalisi yüksək razılıq və minnətdarlıqla qarşılamışdır. Hamı inanır ki, az da olsa, təsadüf edilən ça­tışmazlıq və nöqsanlar Prezidentin mux­tar respublikaya səlahiyyətli nümayən­də təyin etməsindən sonra tam aradan qaldırılacaq, inkişaf daha sürətlə davam edəcək.

Səfər zamanı redaksiyanın tapşırıq­larına uyğun olaraq, Naxçıvan şəhərində “Xalq qəzeti”nin müxbir məntəqəsinin bərpa edilməsi ilə bağlı muxtar respub­lika rəhbərliyinin media qurumları ilə iş üzrə məsul işçiləri və ilər uzunu sıx əmək­daşlıq etdiyimiz “Şərq qapısı” qəzetinin rəhbərliyi ilə görüşüb müvafiq söhbətlər apardıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının rəhbəri Ülvi Quli­yevlə görüşdə isə muxtar respublikanın həyatını, rəhbər qurumların fəaliyyətini davamlı və əhatəli işıqlandırmaq və qə­zetimizin oxucu auditoriyasını genişlən­dirməklə bağlı zəruri məsələləri müzakirə etdik. Ali Məclisin mətbuat xidmətinin in­formasiya dəstəyi ilə “Şərq qapısı” qəzeti redaksiyasında yaradılan məntəqəyə bu qəzetin şöbə müdiri, son vaxtlarda “Xalq qəzeti”nin fəal müəllifi olan Səbuhi Həsə­novun rəhbərlik etməsi razılaşdırıldı.

Muxtar respublikanın elmi-yaradıcı ziyalılarını 2023-cü ildə redaksiyamızın fəaliyyətində prioritet təşkil edən ümum­milli lider Heydər Əliyevin anadan olma­sının 100 ilik yubileyi, Qərbi Azərbay­cana qayıdış və Cənubi Azərbaycanda soydaşlarımızın milli haqlarının təmin edilməsi mövzularında fəal əməkdaşlığa cəlb etmək üçün Heydər Əliyev muze­yinin direktoru Ramil Orucəliyev, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Ha­cıyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə görüşüb əlaqələr yaratmaq barədə məmnunluqla razılıq əldə etdik. 

Sonrakı görüşlərimizdə Naxçıvanın sosial-iqtisadi həyatının yeniliklərini, ümumi uğurlarını qəzetimizdə ardıcıl və peşəkarlıqla işıqlandırmaq üçün İq­tisadiyyat Nazirliyi ilə məsləhətləşmə apardıq, Biznes Mərkəzinin işi ilə tanış olduq. Son illərdə muxtar respublikada yaradılmış müasir sənaye kompleksində də olduq, bu müəssisənin Naxçıvanın və ölkənin tikinti sektoruna töhfəsi barədə yazı üçün materiallar topladıq.

Keçirdiyimiz görüşlərdə, müxtəlif əhali qrupları ilə söhbətlərdə adamla­rın ümumi əhval-ruhiyyəsi, Naxçıvanda son dövrdə yaradılmış Prezident idarə­çiliyi qurumu barədə təəssüratı, arzu və istəkləri diqqət mərkəzində oldu. Umumi qənaətimiz budur ki, muxtar respublika əhalisi ulu öndər Heydər Əliyevin arzu­larına uyğun olaraq və Prezident İlham Əliyevin müstəsna qayğısı ilə gerçəkləş­dirilən dövlət siyasəti nəticəsində son 20 ildə Naxçıvanda əldə edilən tarixi uğurları yüksək qiymətləndirir. 

İctimaiyyət, eyni zamanda, yol veril­miş neqativ halların aradan qaldırılma­sı, muxtar respublikada sosial-iqtisadi, mədəni-humanitar inkişaf sahələrində növbəti uğurlar qazanılması, idarəçiliyin daha da demokratikləşdirilməsi, güzəra­nın və ictimai məmnunluğun yüksəldil­məsi ilə bağlı yeni rəhbərliyin qarşısında qoyulmuş hədəfləri fəal dəstəkləyir. İcti­mai-siyasi həyatda və quruculuq sahə­sində hökm sürən ahəngdarlıq muxtar respublikanın ümumi inkişafında başlan­mış yeni mərhələnin uğurla davam edə­cəyinə əminlik yaradır.

Muxtar respublikada keçirdiyimiz gö­rüşlər, topladığımız materiallar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına mühüm zəmin yaradıb. Bu baxımdan, muxtar respublikada idarəet­mənin təkmilləşdirilməsi, şəffaflığın ar­tırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin tərəqqisi kimi is­tiqamətlər prioritetliyi ilə önə çəkilib. 

Hazırda bu məsələlərin gerçəkləş­dirilməsi ilə bağlı Naxçıvanda dövlət qurumları və özəl bölmənin nümayən­dələrinin birgə iştirakı ilə müzakirələr aparılır, çətinliklərin həlli yolları araşdırı­lır. Bir sözlə, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi ilə muxtar respublika yeni inkişaf dövrünü yaşayır. Qədim diyarda özəl sektorun genişlən­dirilməsini şərtləndirən qətiyyətli addım­lar atılır, bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə səmərəli layihələr reallaşdırılır. 

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Naxçıvanın sosial-iqtisadi inkişaf proqra­mı və bundan irəli gələn strateji layihələr həyata keçirilir. Həmin layihələr çərçivə­sində yaranan yeni iş yerləri iqtisadi inki­şaf zəncirinin tamamlanmasını şərtləndi­rir. İqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi üçün muxtar respublikanın zəngin re­sursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olun­ması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensi­alının artırılması təşəbbüslərinin diqqət mərkəzində saxlanılması da qədim diya­rın yaxın gələcəkdə sürətli inkişaf dina­mikası haqqında aydın təsəvvür yaradır. Eyni zamanda, bu sadalananlarla bə­rabər, Zəngəzur dəhlizinin açılmasının Naxçıvanın mühüm nəqliyyat qovşağına çeviriləcəyi, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artacağı inamını gücləndirir. 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin ötən il dekabrın 22-də Naxçı­van Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsis edilməsi haqqın­da fərman imzalaması bu qədim diyar­da mühüm hadisəyə çevrildi. Bu tarixi əhəmiyyətli sənəd muxtar respublikada reallaşdırılan kadr islahatlarında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində yeni dövrün başlanmasından xəbər verdi. Başqa sözlə, dövlət başçısının 22 dekabr 2022-ci il tarixli fərmanı 30 illik düşmən əsarətindən xilas olunan Qarabağ regio­nundan sonra Naxçıvan Muxtar Respub­likasında da dövlət idarəçiliyi sistemində yeni mərhələyə keçid idi. Adıçəkilən tarixi sənəd qədim diyarın insanları, ictimaiyyət nümayəndələri, ziyalıları tərəfindən böyük rəğbətlə qarşılandı. 

Ölkə rəhbəri Naxçıvan Muxtar Res­publikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Nəcəflini qəbul edərkən dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına göstər­diyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən, böyük infrastruktur la­yihələrinin həyata keçirilməsi, Naxçıvan­da qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin ya­radılması istiqamətində görülən işlər qeyd olunub. Həmçinin muxtar respublikaya hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrıldığı vurğulanıb. 

Prezident İlham Əliyev qəbulda Fuad Nəcəfliyə insanların qayğısına qalınma­sı, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərməsi ilə bağlı mühüm tapşırıqlarını da verib. 

Qısa zamanda aidiyyəti təşkilatların nümayəndələrinin insanlara qarşı sadə, səmimi rəftarı, vətəndaşları qəbul edərək onların problemləri ilə yaxından maraq­lanması, həllinə baxılması sakinlər tərə­findən yüksək qiymətləndirilir. Prezident təmsilçisinin tez-tez insanlarla bir araya gəlməsi, vətəndaşların problem və qay­ğılarına həssaslıqla yanaşması məhz bu­nun bariz ifadəsidir. 

Burada bir məqamı da xatırlatmaq istərdik. Səlahiyyətli nümayəndənin fəa­liyyətə başladığı ilk günlərdə naxçıvanlı­lara xitabən “Arxayın olun, hər şey yaxşı olacaq” deməsi də onlarda məhz Prezi­dent İlham Əliyevin tapşırıq və tövsiyələ­rinin düzgün yerinə yetirilməsinə böyük əminlik və inam hissləri yaradıb. 

Aparılan islahatlar çərçivəsində Fuad Nəcəfli Real Televiziyasına verdiyi mü­sahibədə söylədiyi “Naxçıvanda kiminsə kefinə görə tətbiq edilən qadağalar ləğv olunacaq” prinsipiallığı da artıq bu gün əməli təsdiqini tapır. İctimai nəzarətin gücləndirilməsi, sərnişin nəqliyyatında gediş haqqının yenidən tənzimlənmə­si, ticarət mərkəzlərində alınmış mallara görə ƏDV-lərin alıcılara geri qaytarılma­sı, inhisarçılıq hallarının tədricən aradan qaldırılması həmin fikrin bariz ifadəsi kimi diqqət çəkir. 

Qəbuldan ötən qısa müddət ərzində dövlətimizin başçısının yuxarıda xatır­latdığımız tapşırıqları yol xəritəsi olaraq diqqət mərkəzində saxlanılıb, ölkə miqya­sında həyata keçirilən geniş həcmli isla­hatlara artıq Naxçıvan Muxtar Respubli­kasında da böyük önəm verilib. Artıq bu istiqamətdə ciddi layihələrin icrasına baş­lanılıb. Məsələn, Azərbaycanın mərkəzi maliyyə qurumlarının Naxçıvanda filialla­rının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairə­sinin genişləndirilməsi, burada sahibkar­ların güzəşt və imtiyazlardan səmərəli is­tifadəsinə şərait yaradılması, onların Kiçik və Orta Biznesin İnkişaf, həmçinin İxracın və İnvestisiyaların Təşviqi agentlikləri kimi təşkilatlarla əməkdaşlığının qurulması, habelə başqa inkişaf və təkmilləşdirmə kimi əhəmiyyətli tədbirlər reallaşdırılıb. Sadalanan istiqamətlərdə müvafiq qu­rumların birgə və koordinasiyalı fəaliyyə­tinin təşkili nəzərdə tutulub.

Naxçıvanda idarəetmənin təkmilləş­dirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl böl­mənin inkişafı kimi istiqamətlər prioritet­dir. Qeyd olunan məsələlərlə əlaqədar dövlət qurumlarının və özəl bölmənin nümayəndələrinin birgə iştirakı ilə müza­kirələrin aparılması, çətinliklərin həlli yol­larının tapılması, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində renta­belliyin artırılması, sahibkarlıq subyekt­lərinin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi, ixracyönümlü və rəqa­bətqabiliyyətli məhsul istehsalının, nəq­liyyat-tranzit imkanlarının artırılması, qon­şu ölkələrlə, xüsusilə Türkiyə ilə ticarət əlaqələrinin gücləndirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılması, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi və s. məqsədlərə nail olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Yeri gəlmişkən, qısa müddətdə hə­yata keçirilən islahatların məntiqi nəticə­si statistik göstəricilərdə də öz ifadəsini tapıb. Məsələn, bu ilin yanvar ayı üzrə muxtar respublikada vergi daxilolmaları 9 milyon 953 min manat təşkil edib və proq­noz 112,1 faiz yerinə yetirilib. Proqnozlaş­dırılan məbləğdən artıq toplanan vəsait 1 milyon 71 min manat olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 milyon 209 min manat olmaqla proqnoza 119,1 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən 1 milyon 639 min manat ar­tıq vəsait toplanıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 249 min manat olub, proqnoza 128,4 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq top­lanan vəsait 55 min manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 milyon 510 min manat təşkil edib, büd­cəyə nəzərdə tutulandan 123 min manat artıq vəsait daxil olub. Ötən ay ərzində 47 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 383 fiziki şəxs qeydiyyata alınıb. 

Onu da deyək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda real­laşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən, mühüm inf­rastruktur layihələri, enerji təchizatı, müa­sir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində artıq yeni layihələrin icrasına başlanılıb. Muxtar respublikada idarəetmənin təkmilləşdiril­məsi, iqtisadi potensialdan səmərəli istifa­də, sosial-iqtisadi sahədə şəffaflığın artı­rılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritet istiqamətlər kimi önə çəkilib. Əhalidə bu sahədə hə­yata keçirilən nəticəyönümlü islahatlar qədim diyarımızın Azərbaycanın iqtisadi artım templərinə uyğun davamlı inkişafını şərtləndirəcəyi əminliyi yaradıb. 

Naxçıvanda sosial-iqtisadi sferada müsbət dəyişikliklər yönündə görülən iş­lər, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi həm də qar­şıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində resursların və kadr poten­sialının səfərbər edildiyindən xəbər verir. 

 

Tahir AYDINOĞLU,
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Bakı–Naxçıvan–Bakı











Sosial həyat