Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələri üçün “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a həsr olunmuş onlayn seminar keçirib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) məlumat verilib.
Xanım Mujagic Amela müvafiq dövlət qurumların nümayəndələrinin iştirakı ilə belə seminarın keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, dövlət orqanlarının bu işə cəlb olunması miqrasiya məsələlərinin səmərəli əlaqələndirilməsinə mühüm töhfə verir: “Qlobal Paktın öhdəliklərinin yerinə yetirilməsi yalnız hökumətlər tərəfindən deyil, həm də inklüziv tərəfdaşlıq ruhunda, miqrasiya idarəçiliyində mühüm rol oynayan bir çox qeyri-dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti, özəl sektor, həmkarlar ittifaqları, miqrant və diaspor təşkilatları, akademiya və miqrantların özləri ilə razılaşdırılmış əməkdaşlıq fəaliyyətini tələb edir”.
BMT-nin Rezident Əlaqələndirici Ofisinin rəhbəri xanım Kanako Mabuçi Azərbaycanın nizamlı miqrasiyanın dəstəklənməsi üçün müsbət təcrübələrin tətbiqi istiqamətində səylərini yüksək qiymətləndirib: “Azərbaycan regionda çempion ölkə təşəbbüsünə qoşulan ilk ölkə olub və Azərbaycan Qlobal Paktın həyata keçirilməsində aparıcı ölkələrdən biri hesab olunur”.
Azərbaycanın həm yerli, həm də regional səviyyədə Miqrasiya üzrə Qlobal Paktın həyata keçirilməsində fəal olduğunu qeyd edən DMX-nin departament rəhbəri Ülvi Əliyev bu sahədə hökumətə göstərdiyi dəstəyə görə BMqT-ə təşəkkür edib. “Azərbaycan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın qəbul olunduğu gündən onu icrasını dəstəkləyib və Paktın səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün səyləri gücləndirib”, - deyə Ülvi Əliyev bildirib.
Dövlət qurumlarının nümayəndələri üçün təşkil olunan tədbirin gedişində “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın məqsədləri və rəhbər prinsipləri, BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin prioritetləri və iş planı, Beynəlxalq Miqrasiya İcmalı Forumu, Qlobal Miqrasiya Paktı üzrə 2020-ci və 2024-ci illər üzrə regional icmallar, Qlobal Pakt üzrə potensialın artırılması mexanizmləri, digər sammitlər, çərçivələr və forumlar, dövlətlərarası məsləhətləşmə mexanizmləri ilə sinerji, Azərbaycanın qlobal paktın çempion ölkəsi qismində prioritetləri, baxışı və öhdəlikləri barədə məlumat verilib və məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, BMqT və DMX tərəfindən Miqrasiya üzrə Qlobal Pakt ilə bağlı məlumatlılığın artırılması məqsədilə indiyədək çoxtərəfli ikimərhələli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr gənclər, tələbələr, könüllülər, habelə qeyri-hökumət təşkilatlarının, media, elmi dairələrin, miqrant icmalarının nümayəndələri üçün təşkil edilib.