QAPISI BAĞLI MEYDANÇALAR

post-img

Paytaxtın Xətai rayonundakı “Gənclik” parkı 26 avqust 2021-ci ildə istifadəyə verilib. Uzun müddət baxımsız qalan bu yerin keçmiş görkəmindən əsər-əlamət qalmayıb. Bu gözəl məkandan Xəzər dənizinin mənzərəsi, Bakının panoramı ilin hər fəslində, günün hər çağında cazibədar görünür. Azərbaycanın meşə tipli füsunkar guşələrindən birinə çevrilən “Gənclik” parkı bu gün təkcə gənclərin, uşaq və yeniyetmələrin deyil, təqaüddə olanların da sevimli istirahət məkanına dönüb. 

Zığ yolu istiqamətində Sadıqcan və Əbilov küçələrinin əhatəsində yerləşən, 43 hektar ərazini əhatə edən parkda idmansevərlər qaçış üçün cığırlardan, velosiped yollarından istifadə edirlər. Lakin parkda bir bağlı və iki açıq futbol meydançası inşa olunmasına baxmayaraq, onların yalnız birindən gələcəkdə futbolçu olmaq arzusu ilə yaşayan yeniyetmələr istifadə edir. Məşqlər pulludur. 

Adətən səhər tezdən buraya öz sağlamlıqlarının qeydinə qalan yaşlı nəslin nümayəndələri gəlirlər. Onlar böyüklər üçün idman qurğularından istifadə etsələr də, yaraşıqlı meydançaların qapıları üzlərinə bağlıdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Muğdad Məmmədov deyir ki, yaxşı olardı iki açıq meydançadan biri yaşlıların ixtiyarına veriləydi. Təqaüdçü Əzizağa Cəlalov, Vaqif Fətullayev, Fərman Laçınlı və səhər tezdən bura gələnlər bildirirlər ki, əgər meydançalardan biri yaşlıların ixtiyarına verilsə, biz hamımız oradakı səliqə-sahmanı qoruyacağıq. Futbol və voleybol həvəskarları bəzən asfaltın üstündə oynayarkən yıxılıb əzilirlər. Amma xüsusi örtük döşənmiş meydançalardan istifadə edə bilmirlər. Biz inanırıq ki, “Gənclik” parkındakı meydançaların bağlı qapısı yaşlı insanların da üzünə açılacaq. 

Nurəddin BABAŞOV,
Bakı şəhər sakini

Sosial həyat