İran dünya üçün yeni gərginlik ocağına çevrilib

post-img

Həm daxildə, həm də xaricdə üzləşdiyi ictimai-siyasi böhrandan çıxa bilməyən, beynəlxalq təcridə salınması reallaşmaqda olan İranın tərs fars-molla rejimi həm bölgəyə, həm də dünyaya yaxşı heç nə vəd etmir.

Sahə ekspertlərinin gəldiyi qənaətə görə, uranın zənginləşdirilməsi üzrə Teh­ranın gizli davam etdirdiyi proqramı son mərhələyə qədəm qoyub. Şovinist molla rejiminin cari ilin sonunadək bu kütləvi qır­ğın silahına yiyələnəcəyi beynəlxalq gün­dəmdən düşməyən mövzulardan biridir. İranın nüvə silahı əldə etmək ərəfəsində olmasından təkcə “sionistlər və imperia­listlər” deyil, eyni zamanda, Atom Ener­jisi üzrə Beynəlxalq Agentliyi (AEBA) də həyəcan təbili çalır. AEBA-nın peykdən təşkil etdiyi vizual monitorinqin nəticələri qətiyyən ürəkaçan olmayıb. Yəni, İranın uranı zənginləşdirmək üzrə qapalı obyekt­lərinin kosmosdan yoxlanması üzə çıxarıb ki, Tehran rejimi bu zəncirvari prosesin nə az, nə çox, 84 faizini icra edib. Artıq bu ölkə nüvə başlıqlarını daşımağa qadir ra­ketlər istehsal etmək barədə düşünür.

Tehranın nüvə proqramı artıq ərəb dünyasını da ciddi narahat etməyə baş­layıb. Yəni, bu təhlükənin bu gün olmasa da, sabah onları da sara biləcəyini yaxşı anlayan ərəb dövlətləri, hətta, indiyədək düşmən kimi baxdığı və məsafə saxladı­ğı İsraillə əməkdaşlıqdan çəkinmir. Martın əvvəlində ABŞ, İordaniya, Misirin yüksək çinli rəsmilərinin də qatıldığı Aqaba görü­şü bu əməkdaşlığın praktiki xarakter aldı­ğını göstərir. Bu ölkələr məhz fars-molla rejiminin atom təhdidlərinə qarşı birgə təd­birlər görmək barədə razılığa gəliblər. 

“Tehranın nüvə proqramına qarşı mübarizə və İnqilab Keşikçiləri Qvar­diyasının (“SEPAH”) terrorçu təşkilat elan olunması kimi məsələləri müza­kirə etdik”. Bunu İsrailin Xarici işlər naziri Eli Kohen İtaliya XİN başçısı An­tonio Tacani ilə dünən keçirdiyi görüş­də müzakirə etdikləri məsələlər barədə “Twitter” səhifəsində yazıb. E.Kohen italiyalı həmkarı ilə qlobal böhranı nəzərə alaraq enerji sahəsində əmək­daşlıq etmək barədə razılığa gəldiklə­rini də söyləyib: “İtaliyanın Xarici işlər naziri də açıq şəkildə bildirdi ki, İranın İsraili yer üzündən silmək tələbi anti­semitizmin yeni formasıdır və onunla mübarizə aparılmalıdır”.

Əslində, molla rejiminin nüvə silahına sahib olması, bütövlükdə, dünyanın bö­yük təhlükə ilə üzləşə biləcəyi ehtimalını yaradır. 

“Əgər İran rejimi, doğrudan da, bu qə­dər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsinin qarşısını al­mağa çalışmalıyıq”. Bu sözlərin müəllifi isə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayən­dəsi Jozep Borreldir. Cənab Borrel Tehra­nın nüvə proqramı üzrə 2015-ci ildə imza­lanmış Birgə Hərtərəfli Fəaliyyət Planını reallaşdırmağın ən düzgün yol olduğunu vurğulayıb.

* * * 

İki ay bundan əvvəl müttəfiqlərin Birgə Hərtərəfli Fəaliyyət Planının işə salınma­sının şahidi olduq. İsfahan şəhərinə dron hücumu təşkil edildi, İranın məlum təyinat­lı hərbi obyektlərində ən azı dörd partlayış baş verdi. İsrailin “Jerusalem Post” qəzeti kəşfiyyatın məlumatlarına söykənərək yazdı ki, İsfahanda nüvə silahının işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şə­bəkələrdə yerləşdirilən xəbərlər də sübut edir. Həmin obyektlərə dəymiş ziyan İra­nın iddia etdiyi “damın kiçik zədələnmə­sindən” daha böyükdür”.

Tehran rejimi ənənəsinə sadiq qala­raq, hərbi obyektlərə ciddi ziyanın dəydi­yini əvvəlcə təkzib etməyə çalışdı. Amma hadisədən bir müddət keçəndən sonra molla rejimi dəymiş ziyanın miqyasını açıqladı. Bu açıqlamanın özü dəyən ziya­nın effektivliyini təsdiqləyən və hakimiyyə­tin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkillərinin ictimai baxışa qoyulandan sonra baş verdi.

On gün bundan əvvəl isə Vaşinqtonda ABŞ və İsrail rəsmilərinin görüşü İranı re­gionda düşmənçilik fəaliyyətindən çəkin­dirməyi nəzərdə tutan Bəyanatın imzalan­ması ilə başa çatıb. 

Ağ Evin rəsmi saytında dərc olunan birgə bəyanatda deyilir: 

“Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla təhlil ediblər və İsrail ilə ABŞ arasında təh­lükəsizlik sahəsindəki çoxillik tərəf­daşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsbit ediblər. Bununla bağlı vəzifəli şəxslər İranın nüvə silahı əldə etməsinin qarşı­sını almaq və İranı regionda düşmən­çilik fəaliyyətindən çəkindirmək üçün tədbirlərin koordinasiyasını gücləndir­məyi öhdələrinə götürüblər”. 

Bu sənədi ABŞ Prezidentinin milli təh­lükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, İsrailin Strateji planlaşdırma na­ziri Ron Dermer və bu ölkənin Milli Təh­lükəsizlik Şurasının rəhbəri Saxi imzala­yıblar. 

İranın təkidlə davam etdirdiyi nüvə proqramı ilə bağlı hərbi hədəflərə belə hava hücumlarının yenə təşkil ediləcəyi istisna olunmur. Artıq bıçaq sümüyə dirə­nib. Yazımızın əvvəlindəki fikrimizi sonda bir də təkrarlamaq istərdik... Ciddi daxi­li siyasi, eləcə də su, enerji sahələrində böhran da daxil olmaqla, çeşidli problem­lərin girdabında çapalayan fars-molla reji­mi yalnız region üçün deyil, bütün dünya üçün yeni gərginlik ocağına çevrilib.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət