“Qərbi Azərbaycan məsələsi 60 milyonluq dünya azərbaycanlılarının məsələsidir” – Əziz Ələkbərli

post-img

Ulu Öndər Heydər Əliyev 1998-ci ildə azərbaycanlıların soyqırımı haqqında tarixi Fərmanı imzalamaqla son 200 il ərzində xalqımıza qarşı törədilmiş soyqırımlarına, etnik təmizlənmələrə, deportasiyalara Azərbaycan tarixində ilk dəfə olaraq tarixi-siyasi qiymət verilmiş oldu. 31 Mart əslində rəmzi bir rəqəmdir. Bakıda ermənilərin soydaşlarımıza qarşı mart ayının sonlarında törətdiyi cinayətlərlə bağlı tarixi bir rəqəmdir. Bu gün son 200 ildə azərbaycanlıların yaşadığı bütün coğrafiyalarda ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımlarının hamısının anım günüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qubada keçirilən “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfransda çıxışı zamanı Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli bildirib.

İcma sədri qeyd edib ki, sovet dönəmində xalqımızın başına gətirilən faciələrin əsl mahiyyətini lazımi dərəcədə öyrənə və dünyaya çatdıra bilməmişik. Bunun da obyektiv səbəbləri var: “Xüsusilə Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı törədilmiş cinayətlər barədə gənclərimiz kifayət qədər məlumat ala bilməyiblər. Bilirsiniz ki, bütün bu faciələrin hamısı çar Rusiyası tərəfindən bu bölgənin işğalı və qonşu dövlətlərdən, xüsusilə o zamankı İran və Osmanlı dövlətləri ərazisindən ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayır. Ermənilər bura gələndən bölgəyə bəla, separatçılıq, münaqişə gəlib. Ermənilər köçürüldükləri ərazilərdə XIX əsr boyu öz havadarlarına arxalanaraq, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti yeridiblər. Bölgəyə gəlmə olduqlarını gizlətmək, dünyaya öz yalanlarını, saxtakarlıqlarını sırımaq üçün həmin ərazilərdə nəinki etnik təmizləmə siyasəti həyata keçiriblər, eyni zamanda, həmin ərazilərdəki bütün Azərbaycan izlərini, xalqımızın min illər boyu yaratmış olduğu bütün mənəvi, mədəni irsi Yer üzündən silməyə çalışıblar. Xüsusilə, 1890-cı ildə Tiflisdə Daşnaksütyun partiyası yaradılandan sonra artıq ermənilər açıq şəkildə silahlanmaya keçdilər ki, bunun da nəticəsində XX əsrin əvvəllərində, 1905-ci ildə ilk soyqırımı həyata keçirildi”.

“Ermənistan Qərbi Azərbaycan ərazisi və Azərbaycanın müxtəlif tarixi torpaqları əsasında formalaşmış qondarma bir dövlətdir. Yəni tarix boyu ermənilərin dövləti olmayıb. Zəngəzur mahalı Qarabağ xanlığının ərazisi olub. Dərələyəz mahalı Naxçıvan xanlığının ərazisi olub. Bu gün Qərbi Azərbaycan məsələsi təkcə Qərbi azərbaycanlıların məsələsi deyil. Necə ki, Qarabağ məsələsi təkcə qarabağlıların məsələsi deyildi. Bu məsələ bütövlükdə 60 milyonluq dünya azərbaycanlılarının məsələsidir”, - deyə Əziz Ələkbərli söyləyib.

Qan yaddaşı