Finala bərabər oyun

post-img

Ümid edirik ki, hər şey yaxşı olacaq

Start ayının 3-cü ongünlüyünə yenicə qədəm qoyduğumuz 2026-cı ildə beynəlxalq meydanda ilk rəsmi sınaq, UEFA Çempionlar Liqası turnirinin əsas mərhələsində Ağdam komandasının 7-ci tur görüşü ərəfəsindəyik. Azərbaycan çempionu Almaniyanın Frankfurt şəhərinin “Ayntraxt” klubuna qarşı. Əzəmətli “Tofiq Bəhramov” stadionunda futbol ictimaiyyətimizin Bundesliqa komandası ilə səbirsizliklə gözlədiyi finala bərabər oyun.

Görüşə sabah, yanvarın 21-də saat 21:45-də start veriləcək. Oyundan sonra sentyabrda 75 yaşını bayram edəcəyimiz stadionun tribunalarında və meydanda nələr baş verəcək, kim sevincdən özünü göyün yeddinci qatında hiss edəcək, kim məyus olacaq? Bu suala müsbət cavaba ehtiyacımız böyükdür, çox böyük...

Liqa mərhələsinin ilk həftələrindən bu günə qədər rəqiblərin göstərdikləri nəticələri əks etdirən turnir cədvəli xatırladır ki, yolun artıq arxada qalan hissəsində “Qarabağ” futbolçuları frankfurtlu qonaqlarından daha üstün, daha keyfiyyətli oyun nümayiş etdirmiş, böyük əzmkarlıqla yadda qalmışlar. Bu da komandaya hazırda 7 xalla cədvəldə hamımızı təmin edən 22-ci pillədə irəliləmək imkanı yaratmışdır. Cəmi 4 xalla 30-cu mövqedə olan “Ayntraxt”ın isə finişə yekun cədvəlində ən yaxşı 24 kollektiv sırasında çatmaq ümidləri o qədər də perspektivli görünmür. Deməli, sabah Almaniya təmsilçisi meydanda özünü heç də təvazökar qonaq kimi aparmayıb, dərhal yüksək iddialı oyuna, hücum futboluna üstünlük verəcək.

Turnir cədvəli bizim üçün bir maraqlı məqamı da xatırladır. Cədvəldə Ağdam komandasından sonrakı üç pillədə irəliləyən “Napoli”, “Kopenhagen” (hərəsinin 7 xalı var) və “Benfika” (6) azərbaycanlı azarkeşlərə daha yaxşı tanışdırlar. Ölkə çempionumuz indiki Liqa yolunda italyanlara uduzmuş, Danimarka və Portuqaliya klubları ilə görüşlərdən isə qalib ayrılmışdır. İndi bu dörd komanda arasında finişdə ilk “24-lükdə” yer almaq uğrunda kəskin rəqabət getməsi də onu bildirir ki, bu gün “Qarabağ”ın adının Avropa klub futbolunun sayılıb-seçilən nümayəndələri ilə yanaşı çəkilməsi təsadüfi deyil. Yeri gəlmişkən, qarşıdakı 7-ci turda “Kopenhagen”–“Napoli” görüşü Danimarka və İtaliya ilə yanaşı, ölkəmizdə də maraqla gözlənilir. Bu rəqiblərdən hər hansı biri qələbə təqdirində finişi indiki halda xilasedici hədd kimi görünən 10 xal və daha yaxşı əhvalla gözləyəcək. “Benfika” isə İtaliyada “Yuventus”un qonağı olacaq.

İngiltərənin “Arsenal” klubunun qibtəediləcək yüzfaizli nəticə–18 xalla tək-tənha başçılıq etdiyi cədvəldə “Qalatasaray”ın 9 xalla 18-ci mövqedə olduğunu da qeyd edək. İstanbul klubu son iki görüşdən birincisini sabah evdə “Atletiko”ya (Madrid) qarşı keçirəcək, bir həftədən sonra isə rəqib meydanında “Mançester Siti” ilə üz-üzə gələcək.

“Liverpul” da “Qarabağ” pərəstişkarlarının xüsusi maraq dairəsindədir. Yanvarın 28-də 8-ci turda komandamız futbolun vətənində İngiltərənin məhz bu klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun futbolçularının əsas mərhələdə son rəqibi bu gün 12 xalla 9-cu yerdə və ya birbaşa səkkizdəbir finala vəsiqə verən 8-ci pillənin bir addımlığındadır. Bu isə sonuncu turda bizi ikiqat çətin oyunun gözlədiyi qənaətinə gəlməyimizə heç bir şübhə yeri qoymur. Elə ona görə də “Ayntraxt”la sabahkı matçdan maksimum fayda götürmək mütləq şərtdir.

Antalyada qış hazırlığının ikinci mərhələsi də başa çatmış, “Qarabağ” Bakıya qayıtmışdır. Qardaş ölkədə təlim-məşq toplanışının gedişində Özbəkistanın “Neftçi”, Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlembe” komandalarına qarşı keçirilmiş üç yoldaşlıq görüşü (müvafiq surətdə 5:0, 3:1 və 3:1) böyük oyunlar üçün darıxmış futbolçulara müəyyən dərəcədə mühitə uyğunlaşmaq, özlərini sınaq şəraitində hiss etmək imkanı vermişdir. Bu görüşlərdə “Qarabağ”ın gənc yetirmələri Əli Bəşirov, Bəhruz Qurbanlı və Hikmət Cəbrayılzadənin də meydana çıxıb, oyunları ilə özləri haqqında xoş təəssürat yaratmaları da yaxşı əlamətdir.

...Təxminən ay yarımlıq sakit həyatdan sonra yenidən nəfəsimizi dərmədən gərgin mübarizə meydanında həyəcanla oyununu izləyəcəyimiz bütün Azərbaycanın sevimli komandasına “Xoş gördük, “Qarabağ”! deyirik və həmişəki kimi, bir an belə dayanmadan onu var qüvvə ilə dəstəkləməyə hazırıq. Həm də ümid edirik ki, hər şey yaxşı olacaq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman